Məhkəmə qərarları › İş №e-2(046)-1827/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1827/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1827/2025 07.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı «X3» ASC-nin Cavabdeh qarşı kiçik iddia üzrə borcun tutulması tələbinə dair mülki işə Göyçay Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i Cavabdeh xx.xx.2019-cu il tarixli 13280sSTB2/19 kredit müqaviləsinə əsasən 84 ay müddətinə illik 29% olmaq şərtilə 200 manat məbləğində kredit vermişdir. İddiaçı «X3» ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 149 manat 13 qəpik əsas, 17 manat 94 qəpik faiz, 16 manat 16 qəpik cərimə borcu olmaqla, cəmi 183 manat 23 qəpik kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin həmin ünvanda yaşamaması səbəbindən zərf geri qaytarılmışdır. Cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 149 manat 13 qəpik əsas, 17 manat 94 qəpik faiz, 16 manat 16 qəpik cərimə borcu olmaqla, cəmi 183 manat 23 qəpik məbləğində borcu vardır . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «X3» ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını iddiaçı «X3» ASC-nə qaytarmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2019-cu il tarixli 13280sSTB2/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 149 manat 13 qəpik əsas, 17 manat 94 qəpik faiz, 16 manat 16 qəpik cərimə borcu olmaqla, cəmi 183 manat 23 qəpik məbləğində pul alınaraq iddiaçı «X3» ASC-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, dövlət rüsumunun ödənilməsi üçün 40 qəpik xidmət haqqından ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 149 manat 13 qəpik əsas, 17 manat 94 qəpik faiz, 16 manat 16 qəpik cərimə borcu olmaqla, cəmi 183 manat 23 qəpik məbləğində pul alınıb iddiaçı «X3» ASC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat xidmət haqqı üçün 40 qəpik məbləğində pul alınaraq iddiaçı «X3» ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar