Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1942/2023 18.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1430 manat sığorta ödənişi məbləğinin, ödənilmiş 34 manat 70 qəpik dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, PAA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən «Vaz 21070» minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Göyçay şəhəri, Sabir küçəsində **-CX-*** dövlət qeydiyyat nişanlı «Vaz-21154» markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Göyçay rayon X7 X8 inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. «Vaz-21154» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1430 (min dörd yüz otuz) manat ödəniş verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi,izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Göyçay şəhəri Sabir küçəsində «VAZ-21070» markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən «Stop» nişanının qanuni tələblərinə tabe olmamış, Göyçay şəhəri Atatürk küçəsi ilə hərəkətdə olan X1 idarə etdiyi «VAZ-21154» markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «VAZ-21154» markalı, **-CX-*** dövlət nömrəli avtomobilə maddi ziyan dəymişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməni ödəmişdir.Hesab etmişdir ki,cəriməni ödədiyindən maddi ziyan da ödənilmiş hesab edilməlidir.İddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin izahatını dinləyib,iş üzrə təqdim edilmiş sübutlara qiymət verib, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC-i ilə sığortalı «VAZ 21070» minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İsmayılova Kifayət Babaş qızı arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 22-01984/04 – AA1528/22 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış «VAZ 21070» minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən Göyçay şəhəri, Sabir küçəsində yol-nəqliyyat hadisəsi törədərək «VAZ-21154» markalı **- CX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq, «VAZ-21154» markalı **-CX-*** qeydiyyat nişanlı avtomobilə 1430 manat məbləğində maddi ziyan vurmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, «VAZ- 21154» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği cəmi 1430 manat təşkil edir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-i tərəfindən X2 1430 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş AD N 850147 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ-21154» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İşə əlavə edilmiş 28 mart 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 «VAZ-21154» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə müəyyən hərəkətləri etməyi X2 bir il müddətinə etibar etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin ,dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq,sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən sübroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla,sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı ,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, yüksək təhlükə mənbəyi olan "xxxx" ASC-i tərəfindən xx.xx.2021-ci il tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış «VAZ 21070» markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə edərək yol hərəkəti qaydalarını pozması nəticəsində sığorta hadisəsi baş vermiş və «VAZ-21154» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Cavabdeh əməli törətməkdə Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin qərarına əsasən 800 manat cərimə olunmuşdur. Hadisə zamanı «VAZ-21154» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan xx.xx.2022-ci il tarixli hesablanma aktına əsasən hesablanmış və 1430 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərər vuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərər vuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 1430 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, «VAZ- 21154» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş maddi zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş sığorta tərəfi olan Cavabdeh üzərinə qoyulmalı,məhkəmə xərcləri cavabdehə aid edilməli, bununla da iddia təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1430 manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 34 manat 70 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1942/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1942/2023
18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver