Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-220/2024 27.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakdan çıxarılması, əmlakın boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ№1071666 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, banka təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ№1071666 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndində 0.3 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 56 kv.m olan fərdi yaşayış evin alıcı Cavabdeh 11000 (on bir min) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli AN-İ№1071666 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3600 (üç min altı yüz) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabına ödəyir, qalan 7400 manat məbləği isə 36 ay müddətinə hər 6 aydan bir 1200 manat olmaqla 5 ödəniş və sonuncu ödəniş 1400 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, AN-İ№1071666 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, cavabdehlə hər hansı bir razılıq əldə edilmədiyini, işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışdan görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində 0.3 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 56 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2018-ci ildə İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli AN-İ № 107166 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndində 0.3 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 56 kv.m olan fərdi yaşayış evi 11.000 manata Cavabdeh satmış, Cavabdeh ilkin olaraq 3600 (üç min altı yüz) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabına ödəmiş, qalan 7400 manat məbləği isə 36 ay müddətinə hər 6 aydan bir 1200 manat olmaqla 5 ödəniş və sonuncu ödəniş 1400 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair təklifdən görünür ki, Cavabdeh alqısatqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş, bu təklifə 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi xahiş olunmuş, əks təqdirə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi, məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı AccessBank» QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli AN-İ № 107166 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək evi cavabdehin sahibliyinə vermişdir. Cavabdeh isə aldığı evin dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə Cavabdeh İddiaçı QSC-in qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə iddiaçının alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı AccessBank» QSC Cavabdeh oğlnun xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evindən çıxarılmasını, əmlakın boşaldılmasını və təhvil verilməsini tələb etməkdə haqlıdır. Müqavilənin ləğv edilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Digər tərəfdən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmə hesab edir ki, müqavilənin məhkəmədənkənar ləğvi faktı öz təsdiqini tapmışdır. Belə ki tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və ona həmin müqavilənin ləğv edilməsinə dair iddiaçı tərəfindən təklif göndərilmiş, cavabdeh təklifi almağına baxmayaraq buna dair etirazını bildirməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Göyçay rayonu, Qarabaqqal kəndində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 56 kv m. olan fərdi yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın və İddiaçı QSC-nə təhvil verilsin. Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-220/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-220/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver