Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2328/2023 01.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1036,94 manat əsas, 217,12 manat faiz, 318,60 manat dəbbə pulu, cəmi 1572,66 manat borcun və 36 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin onlar, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazlarını və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki
1. İddiaçı BOKT ASC-i ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 2022/00001EG-3437 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 1765 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, borcverən müqavilə ilə nəzərdə tutulan kreditin verilməsinin dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. 3.3.1-ci bəndinə əsasən borcalan BOKTdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməlidir. 3.3.3-cü bəndinə əsasən borcalan borcverənin tələbi əsasında dəbbə pulunu ödəməlidir. 4.2-ci bəndinə əsasən borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmaqla başlanır. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00001EQ-Z3437 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu xx.xx.2022-ci il tarixli, 2022/00001EG-3437 saylı nömrəli kredit müqaviləsi üzrə borculunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 zamin olmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
3. Müqavilə ilə müəyyən edilmiş kredit məbləği xx.xx.2022-ci il tarixdə Cavabdeh2 bank hesabına köçürülmüşdür.
4. xx.xx.2023-cü il tarixdə cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir.
5. Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 2022/00001EG-3437 saylı kredit müqaviləsi üzrə 1036,94 manat əsas, 217,12 faiz, 318,60 manat dəbbə pulu olmaqla ümumilikdə 1572,66 manat borcunun olmasına dair xx.xx.2023-cü tarixli arayış tərtib olunmuşdur.
6. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə 36 manat dövlət rüsumu ödənilmişdir.
Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00001EG-3437 saylı kredit müqaviləsi üzrə 1036,94 manat əsas, 217,12 manat məbləğində faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 30 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 2022/00001EG-3437 saylı kredit müqaviləsi üzrə 1036,94 manat əsas, 217,12 manat məbləğində faiz və 30 manat dəbbə pulu, cəmi 1284, 06 (min iki yüz səksən dörd manat altı qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat alınaraq İddiaçı BOKT ASC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnaz Qurbanova