Məhkəmə qərarları › İş №e-2(046)-2329/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2329/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2329/2023 19.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2159 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 225,43 manat əsas, 17,44 manat faiz, 700 manat dəbbə pulu, Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz 1,01 manat, cəmi 943,88 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin onlar, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazlarını və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki

1. İddiaçı BOKT ASC-i ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2159 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, borcverən müqavilə ilə nəzərdə tutulan kreditin verilməsinin dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. 3.3.1-ci bəndinə əsasən borcalan BOKT dan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməlidir. 3.3.3-cü bəndinə əsasən borcalan borcverənin tələbi əsasında dəbbə pulunu ödəməlidir. 4.2-ci bəndinə əsasən borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmaqla başlanır. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 2022/00001EQ-Z2159 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu xx.xx.2022-ci il tarixli, 2022/00001EQ-Z2159 saylı nömrəli kredit müqaviləsi üzrə borculunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 zamin olmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

3. Müqavilə ilə müəyyən edilmiş kredit məbləği xx.xx.2021-ci il tarixdə Cavabdeh1 bank hesabına köçürülmüşdür.

4. xx.xx.2023-cü il tarixdə cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir.

5. Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2159 saylı kredit müqaviləsi üzrə 225,43 manat əsas, 17,44 manat faiz, 700 manat dəbbə pulu, 1,01 manat Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz, cəmi 943,88 manat borcunun olmasına dair xx.xx.2023-cü tarixli arayış tərtib olunmuşdur.

6. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir.

Əsaslandırıcı hissə: Azərbaycan Respublikasınnı Mülki Məcəlləsinin

389.1ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-cü maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddəti “müqavilə azadlığı” prinsipinə əsasən tərəflər arasında müəyyən olunduğundan və digər mühüm şərtlər barəsində razılıq əldə olunduğundan müqavilə bağlanmışdır. Müqavilə xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə bağlandığından, onun qüvvədə olma müddəti artıq xx.xx.2023-ci il tarixdə bitmiş hesab olunur. Müqavilənin ləğv olunması isə yalnız qüvvədə olan əqddən irəli gələn münasibətlərin birtərəfli, tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qaydasında aradan qaldırılmasını nəzərdə tutur. Beləliklə məhkəmə hesab edir ki, artıq qüvvədə olmayan müqavilənin ləğv edilməsinə ehtiyac qalmadığından iddiaçının tələbi o hissədə təmin olunmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış müqavilədə yuxarıda qeyd olunan şərt nəzərdə tutulmadığından, müqavilə öhdəlikləri aradan qalxmamış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2159 saylı kredit müqaviləsi üzrə 225,43 manat əsas, 17,44 manat məbləğində faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 70 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faizin tələb olunmasına gəldikdə məhkəmə qeyd edir ki, bu tələbin hüquqi və faktiki əsası ilə bağlı hər hansı sübüt iş materiallarına əlavə edilməmiş və onun 1,01 manat təşkil etməsi yalnız borc haqqında arayışda göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faizin tutulması hissəsində tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2159 saylı kredit müqaviləsi üzrə 225,43 manat əsas, 17,44 manat məbləğində faiz və 70 manat dəbbə pulu, cəmi 312,87 (üç yüz on iki manat səksən yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı BOKT ASC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar