Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2330/2023 19.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2071,60 manat əsas, 445,13 manat faiz, 1225 manat dəbbə pulu, cəmi 3741,73 manat borcun və 58 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin onlar, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazlarını və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki
1. İddiaçı BOKT ASC-i ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, borcverən müqavilə ilə nəzərdə tutulan kreditin verilməsinin dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. 3.3.1-ci bəndinə əsasən borcalan BOKT dan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməlidir. 3.3.3-cü bəndinə əsasən borcalan borcverənin tələbi əsasında dəbbə pulunu ödəməlidir. 4.2-ci bəndinə əsasən borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmaqla başlanır. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 2021/00001EQ- Z2966 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncular xx.xx.2022-ci il tarixli, 2021/00001EQ-Z2966 saylı nömrəli kredit müqaviləsi üzrə borculunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 oğluna zamin olmağı öhdələrinə götürmüşlər. Müqavilə tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
3. Müqavilə ilə müəyyən edilmiş kredit məbləği xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verilmişdir.
4. xx.xx.2023-cü il tarixdə cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir.
5. Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsi üzrə 2071,60 manat əsas, 445,13 manat faiz, 1225 manat dəbbə pulu, cəmi 3741,73 manat borcunun olmasına dair xx.xx.2023-cü tarixli arayış tərtib olunmuşdur.
6. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə 58 manat dövlət rüsumu ödənilmişdir.
Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı BOKT ASC həmin müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdehin mülkiyyətinə versə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəflərə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2023-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsi üzrə 2071,60 manat məbləğində əsas və xx.xx.2023-cü il tarixə hesablanmış 185 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar iddiaçı kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb edildiyindən həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsi barədə ayrıca tələbin irəli sürülməsi zəruri hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 122 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 58 (əlli səkiz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 2021/00001EQ-2966 saylı kredit müqaviləsi üzrə 2071,60 manat əsas, 185 manat məbləğində faiz və 122 manat dəbbə pulu, cəmi 2378,60 (iki min üç yüz yetmiş səkkiz manat altmış qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 58 (əlli səkkiz) manat alınaraq İddiaçı BOKT ASC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnaz Qurbanova