Məhkəmə qərarları › İş №e-2(046)-2726/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2726/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2726/2025 14.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı Finca Azerbaijan MMQBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Finca Azerbaijan MMQBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 755.75 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Finca Azerbaijan MMQBKT tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Finca Azerbaijan MMQBKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 01 faizlə, cəmi 1475 məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehlərin banka ümumilikdə 755.75 manat borcu vardır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Finca Azerbaijan MMQBKT ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 01 faizlə, 1475 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Finca Azerbaijan MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 755.75 manat borcu vardır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə Finca Azerbaijan MMQBKT arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 01 faiz olmaqla 60 ay müddətinə 1475 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1nın banka borcu yaranmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Finca Azerbaijan MMQBKT arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə Finca Azerbaijan MMQBKT arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Finca Azerbaijan MMQBKT ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Finca Azerbaijan MMQBKT-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 755.75 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq Finca Azerbaijan MMQBKT-nə ödənilməli, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 755.75 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Finca Azerbaijan MMQBKT-nin hesabına keçirilsin. İddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar