Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-374/2023 23.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 800 manat zərərə görə, 520 manat icarə haqqı, 120 manat cərimə borcu olaraq ümumilikdə 1440 manat və 34.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1196 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Hyundai Elantra markalı **-DK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 65 (altmış beş) manat, ümumi 650 (altı yüz əlli) manat ödəmək şərtiylə icarəyə verilmişdir. Cavabdeh X5 tərəfindən icara müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Bələ ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri C.Səlimov ünvanında X5 tərəfindən sığorta hadisəsi baş vermişdir. Cavabdeh X3 müqavilə bağlanılan zaman nəqliyyat vasitəsinin tam (kasko) sığortalandığını, hər hansısa sığorta hadisəsi zamanı dərhal Yol Polisinə və Atəşgah sığorta şirkətinə xəbər verilməsini bildirsə də, cavabdeh hadisə yerindən yayınmış, X1 Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə təqsirli bilinmişdir. Sözü gedən qəza zamanı nəqliyyat vasitəsinə 800 (səkkiz yüz) manat zərər dəymişdir. Atəşgah Sığorta Şirkəti ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.5-ci maddəsinə istinad edərək, dəymiş zərəri ödəməkdən imtina etmişdir. Aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli 1196 saylı icarə müqaviləsinə əsasən, cavabdeh tərəfindən daha bir öhdəlik ödənilməli olan 650 manat icarə haqqından 130 manat ödənilmiş, 520 manat icarə haqqı ödənilməmiş saxlanılmışdır. Bununla da cavabdeh X2 800 (səkkiz yüz) manat zərərə görə, 520 (beş yüz iyirmi) manat icarə haqqı, 120 (yüz iyirmi) manat cərimə borcu olaraq ümumilikdə 1440 (min dörd yüz qırx) manat borcu yaranmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlikləri pozumlasından mübahisə yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1196 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Hyundai Elantra markalı **-DK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 65 (altmış beş) manat, ümumi 650 (altı yüz əlli) manat ödəmək şərtiylə Cavabdeh icarəyə verilmişdir. Məhkəməyə təqdim edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Hyundai Elantra markalı **-DK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 800 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurlmuş zərərin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması, əmlakın zədələnməsi, habelə hüquq pozulmasaydı həmin şəxsin eldə edə biləcəyi zərərlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2-ci maddəsinin tələblərinə görə əqdlər şifai və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 700.5-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: Həmin Məcəllənin 935.1.5-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən müqavilə üzrə 120 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 1 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 800 manat zərərə görə, 520 manat icarə haqqı, 1 manat cərimə borcu olaraq ümumilikdə 1321 manat və 34.80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamənin icrası Cavabdehnun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-374/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-374/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver