Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-398/2025 10.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 880 manat 37 qəpik kredit borcu, 2 manat 22 qəpik faiz borcu və 15 manat 52 qəpik cərimə olmaqla, ümumilikdə cəmi 898.11 (səkkiz yüz doxsan səkkiz manat, on bir qəpik) məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsi əsasında aylıq 0.0833 faiz dərəcəsi olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılma hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6830.26 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5949 manat 89 qəpik ödəniş etmiş və onun İddiaçı QSC-nə 880 manat 37 qəpik məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC-nə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 6859.55 manat pulu ödədiyini, İddiaçı QSC-nin ona və Cavabdeh2 qarşı ümumilikdə 898 manat 11 qəpik kredit borcunun olmasının həqiqəti əks etdirmədiyini və onun İddiaçı QSC-nə borcunun qalmamasını bildirmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə araşdırma zərurəti yarandığından mülki işə iddia icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh məhkəməyə etiraz ərizəsi yollayaraq 6859.55 manat cəmi ödəniş etdiyini banka borcu olmadığını bildirmişdir. Qeyd edir ki, 026A********** saylı xx.xx.2019-cu ii tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən cəmi banka 6336.34 manat ödəniş edilmiş, həmin ödənişdən 5949.89 manat əsas borca, 209.5 manat faiz borca və 176.95 manat cərimə borcuna silinmişdir. Cavabdehin etirazında qeyd etdiyi 6859.55 manat ödənişlə faktiki banka ödədiyi ödəniş arasında 523.21 manat fərq var (68xx.xx- 6336.34=523.21). Cavabdeh hesabdan çıxarış məlumatlarına əsasən ödədiyi məbləği hesablamış xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə cərimə borcuna silinmiş 523.21 manat məbləği bank tərəfindən güzəşt edilərək geri qaytarılaraq əsas borca yönəldilmiş, cavabdeh isə həmin məbləğidə tərəfindən ödənilmiş məbləğ kimi nəzərə almışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə 47.94 manat, xx.xx.2021-ci il tarixdə 112.64 manat, xx.xx.2021-ci il tarixdə 145 manat, xx.xx.2021-ci il tarixdə 30.33 manat, xx.xx.2021-ci il tarixdə 119.67 manat və xx.xx.2021-ci il tarixdə 67.63 manat olmaqla cəmi 523.21 manat cərimə borcuna pul silinmişdir. Göründüyü kimi cavabdehin hesabdan çıxarış məlumatına əsasən qeyd etdiyi 6859.55 manat ödəməmiş, cəmi 6336.34 manat ödəniş etmişdir. Həmin məbləğdən xx.xx.2022-ci il tarixə kimi 523.21 manat cərimə borcuna silinmiş məbləğ geri qaytarılaraq təkrar ödəniş kimi əsas borca silinmişdir. Bu səbəbdən cavabdeh ödənişlərini ödəniş qrafiki üzrə həyata keçirməmişdir. Odur ki, cavabdehin etirazı əsassızdır onun xx.xx.2024-cü il tarixinə 026A********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 880,37 manat əsas borcu, 2.22 manat faiz borcu və 15.52 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 898.11 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə 60 ay müddətinə aylıq 0.0833 faiz dərəcəsi ilə kredit müqaviləsinin ayrılma hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6830.26 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə xx.xx.2024-cü il tarixə 880 manat 37 qəpik kredit borcu, 2 manat 22 qəpik faiz borcu və 15 manat 52 qəpik cərimə olmaqla, ümumilikdə cəmi 898.11 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, **********52 nömrəli mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka olan borcundan xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat və xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə aylıq 0.0833 faiz dərəcəsi olmaqla 60 ay müddətinə kredit verilmişdir. Borcalan kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə həmin krediti hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, kredit borcunu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Cavabdeh1 etirazına münasibətdə məhkəmə qeyd edir ki, o, 523 manat 21 qəpik ödədiyini bildirsə də, bunu təqsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Mübahisə edilən məbləğə dair İddiaçı QSC məhkəməyə yazılı izah verərək 523 manat 21 qəpik ödənişin cavabdeh tərəfindən deyil, cərimə borcu hesabına əsasən bank tərəfindən əsas borcdan təkrar ödəniş kimi silinmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit borcunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019cu il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 880 manat 37 qəpik əsas, 2 manat 22 qəpik faiz, 15 manat 52 qəpik cərimə, ümumilikdə 898 manat 11 qəpik alınaraq İddiaçı QSC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 880 manat 37 qəpik əsas, 2 manat 22 qəpik faiz, 15 manat 52 qəpik cərimə, ümumilikdə 898 (səkkiz yüz doxsan səkkiz) manat 11 (on bir) qəpik alınaraq İddiaçı QSC-nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-398/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-398/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver