Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-442/2025 05.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 988.60 manat əsas borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% olmaqla, 1314.74 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə kreditor arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 BOKT "xxxx" MMC-yə 988.60 manat əsas borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehlərə bildiriş göndərilsə də, onlar, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişlər. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 1314.74 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında öhdəliyin təminatı kimi zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2023-cü il tarixə 988.60 manat əsas borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, BOKT "xxxx" MMC ilə X1 arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 1314.74 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh3 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 988.60 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 988.60 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-442/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-442/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver