Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-48/2024 08.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 4655.20 manat əsas kredit borcu, 2576.17 manat faiz borcu, 1667.18 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 671.45 manat olmaqla, ümumilikdə 9570 manat kredit borcunun, ödənilmiş 115.70 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 019T04160006 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank cavabdehə 10.000 (on min) AZN məbləğində kredit xətti açılmışdır. Kreditin istifadəsinə görə müştəri Banka illik 23% ödəməsini öhdəsinə götürmüşdür. Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləsi üzrə tərəflər arasında bağlanmış 01 saylı nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” sözü “Kredit müqaviləsi” sözü ilə əvəz edilmişdir. Kredit xəttindən Kreditə çevrilmiş borc Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9946.97 (doqquz min doqquz yüz qırx altı manat, 97 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmşdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən cavabdeh banka illik 15 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə iddiaçı "xxxx" ASC-nin ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli 019T04160006 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10.000 manat məbləğində kredit xətti açılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə “kredit müqaviləsi” ilə əvəz edilmiş, kredit öhdəliyinin qalığı 9946.97 manat, kredi üzrə illik faiz dərəcəsi 15 faiz, kredit müddəti isə 36 ay müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6726 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka əsas borcu 5088.38 manat, faiz borcu 1408.25 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Dəmir Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 019T04160006 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank cavabdehə 10.000 (on min) AZN məbləğində kredit xətti açılmışdır. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” sözü “Kredit müqaviləsi” sözü ilə əvəz edilmişdir. Kredit xəttindən Kreditə çevrilmiş borc Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9946.97 (doqquz min doqquz yüz qırx altı manat, 97 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış, cavabdeh banka illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu iddia ərizəsində göstərilən həddə və faiz borcu isə ekspert rəyində qeyd edilmiş həddə təmin edilməlidir. Eləcə də Məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh 1667.18 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 67.18 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 115.70 manat dövlət rüsumunun 88.02 manatı cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ekspertiza xərci olan 50 manat pul iddiaçı "xxxx" ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 4655.20 manat əsas kredit borcu, 1408.25 manat faiz borcu, 67.18 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 671.45 manat olmaqla cəmi 6802.08 manat və 88.02 dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4655.20 manat əsas kredit borcu, 1408.25 manat faiz borcu, 67.18 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 671.45 manat olmaqla cəmi 6802.08 manat və 88.02 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərcinin olan 50 manat "xxxx" ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-48/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-48/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver