Məhkəmə qərarları › İş №e-2(046)-50/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-50/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-50/2024 29.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı «X2 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 150 manat 73 qəpik, faiz borcu üzrə 16 manat 87 qəpik, cərimə borcu üzrə 8 manat 33 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 9 manat 23 qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4 manat 80 qəpik, cəmi borc üzrə 189 manat 96 qəpik məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Kart/əlavə kart sahibi həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı «X2 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı xitam edilməlidir. Belə ki, işə əlavə edilmiş «AZEMİS» X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(046)-1214/2023 saylı qərardadı ilə mülki işin məhkəmə baxışına hazırlığın icraatı Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmış,Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)- 50/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə hazırlıq iclası 28 mart 2024-cü il saat 11.00-a təyin edilməsinə, sonra 15 aprel 2024-cü il saat 15.30-a, daha sonra isə 29 aprel 2024-cü il tarixə saat 15.00-a təxirə salınmasına baxmayaraq, ölmüş cavabdehin onun hüquqi varisi ilə əvəz edilməsinə dair iddiaçı «X2 Azərbaycan» QSC-nin iddia ərizəsi məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254,255,261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixdə vəfat etdikdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, məhkəmə baxışına hazırlığın icraatı xitam edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq , qərara aldı: İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar