Məhkəmə qərarları › İş №e-2(046)-592/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-592/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-592/2024 23.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4151.90 manat əsas, 846.06 manat faiz və 238.57 manat cərimə olmaqla, cəmi 5236.53 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 72.37 manat məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4151.90 manat əsas, 846.06 manat faiz və 238.57 manat cərimə olmaqla, cəmi 5236.53 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında əsas kredit müqaviləsi bağlanmış, əsas kredit müqaviləsinə görə borcluya istehlak məqsədləri üçün 300.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında əlavə kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 25 % olmaqla 5000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 kredit alan Cavabdeh2 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür xx.xx.2023-cü il tarixdə Cavabdeh2 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, 4151.90 manat əsas, 502.01 manat faiz və 39.45 manat cərimə olmaqla, cəmi 4693.36 manat məbləğin cavabdehə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunaraq, borcdan əlavə məhkəmə xərclərinin tutulması bildirilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixinə "xxxx" Kommersiya Bankı ASC-nə borcu 4151.90 manat əsas, 846.06 manat faiz və 238.57 manat cərimə olmaqla, cəmi 5236.53 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 72.37 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında 25 avqust 2022-ci il tarixli etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq borcalan cavabdeh krediti vaxtında qaytarmaq öhdəliyi yerinə yetirməmiş, borcverən iddiaçı "xxxx" Kommersiya Bankı ASC -i Cavabdeh2 əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini müəyyən etdiyindən borcun dərhal qaytarılmasını tələb etməkdə haqlıdır. 25 avqust 2022-ci il tarixdə iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 kredit alan Cavabdeh2 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. Cavabdeh2 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu digər cavabdehlərdən də tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2023-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Belə olan halda məhkəmə cavabdehlərin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Kommersiya Bankı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müşətərk qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4151.90 manat məbləğində əsas və xx.xx.2023-cü il tarixə hesablanmış 502.01 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 41.52 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4151.90 manat əsas, 502.01 qəpik faiz və 41.52 manat cərimə olmaqla, cəmi 4695.43 (dörd min altı yüz doxsan beş manat qırx üç qəpik) manat məbləğində pul alınıb iddiaçı «X1» ASC-nə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 72.37 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4151.90 manat əsas, 502.01 qəpik faiz və 41.52 manat cərimə olmaqla, cəmi 4695.43 (dörd min altı yüz doxsan beş manat qırx üç qəpik) manat məbləğində pul alınıb iddiaçı «X1» ASC-nə verilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 72.37 (yetmiş iki manat otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı alınaraq iddiaçı «X1» ASC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar