Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-672/2024 17.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Nurməraməd oğlundan, Cavabdeh3 və Cavabdeh1 əsas borc 1454 manat, faiz borcu 719 manat 78 qəpik, cəmi 2173 manat 78 qəpik borcun və ödənilmiş 41 manat 73 qəpik dövlət rüsumunun müştərək qavdada tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Sivavuş oğlu və Cavabdeh1 ilə iddiaç İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 12 mart 2014-cü il tarixli 562 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 18 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5 . 1 - ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafika uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 3046 manat, faiz borcundan isə 921 manat ödəniş olmuşdur. Birgə borcluların Kredit Təşkilatına olan əsas borcu 1454 manat, faiz borcu 719 manat 78 qəpik, cəmi borcu 2173 manat 78 q ə p i k təşkil edir. Borcun ödənilməsi tələbi cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, ərizə təqdim edərək 12 mart 2014-cü il tarixli 562 saylı kredit müqaviləsi üzrə iddia müddətinin tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmədi, ərizə təqdim edərək 12 mart 2014-cü il tarixli 562 saylı kredit müqaviləsi üzrə iddia müddətinin tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh3 məhkəməyə gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək 12 mart 2014-cü il tarixli 562 saylı kredit müqaviləsi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 562 nömrəli birgə borclularla kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı QSC BOTK-nın Ucar filialı ilə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında illik 27 % olmaqla, 18 ay müddətinə 4500 manat məbləğində kreditin verilməsinə dair müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-yə cəmi 2173 manat 78 qəpik kredit borcu vardır. İşə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki,borclu Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2019-cu ildə 40 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş 23 yanvar 2017-ci il tarixli və 26 yanvar 2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC BOTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bildiriş göndərilərək kredit müqaviləsi üzrə borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddiamüddəti yenidən başlanılır.Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,birgə borclular cavabdehlər Cavabdeh2, Cavabdeh3 Sivavuş oğlu və Cavabdeh1 İddiaçı QSC BOKT-i arasında bağlanmış 12 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1454 manat əsas borcu,719 manat 78 qəpik faiz borcu,cəmi 2173 manat 78 qəpik məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında borc münasibətləri 12 mart 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmaqla yaranmış,kredit 18 ay müddətinə verildiyinlən, icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı icra müddətinin başa çatdığı 12 sentyabr 2015-ci ildə başlanılmışdır.Beləliklə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan,12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı 12 sentyabr 2015-ci ildən başlanılaraq 12 sentyabr 2018-ci ildə başa çatır. Məhkəmə nəzərə alır ki,Cavabdeh2 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 40 manat ödəniş etməklə borcu etiraf etməsini təsdiq edən hərəkət etməklə iddia müddətinin axımı kəsilmişdir.Lakin xx.xx.2019-cu il tarixdən sonra ödənişlər edilmədiyindən,hətta həmin tarixdən hesablanmaqla iddia müddəti keçmiş hesab olunmalı,belə ki, İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı hüququn müdafiəsi üçün 12 fevral 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehlərin ərizə verməsini nəzərə alıb,məhkəmə hesab edir ki, 3 illik iddia müddəti tətbiq olunmaqla 12 mart 2014cü il tarixli, 562 saylı kredit müqaviləsi üzrə 1454 manat əsas borc, 719 manat 78 qəpik faiz borcu, ümumilikdə 2173 manat 78 qəpik məbləğində pulun alınması tələbinə dair iddia təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri ödənilmiş 41 manat 73 qəpik dövlət rüsumundan xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC-İ Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 12 mart 2014-cü il tarixli, 562 saylı kredit müqaviləsi üzrə 1454 manat əsas borc, 719 manat 78 qəpik faiz borcu, ümumilikdə 2173 manat 78 qəpik məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı QSC-İ Bank olmayan Kredit Təşkilatına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-672/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-672/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver