Məhkəmə qərarları › İş №e-2(046)-73/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-73/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-73/2023 12.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO Dəmir Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: LPO DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 588.21 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehin qalıq borcu 5260.61 ABŞ dolları məbləğdə təşkil etmişdir. Hazırda Bank tərəfindən Müqavilələr, Əlavə Sazişlər və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 6370 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. xx.xx.2014-cü il tarixli 1/12/72565048 USD nömrəli Kassa məxaric orderinin əslindən görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindənCavabdeh 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Kassa-məxaric orderində ödənişin təyinatı kimi “Kredit” göstərilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə iddiaçı LPO DəmirBank ASC -nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, DəmirBank ASC ilə kredit müqaviləsi bağlamamış, ümumiyyətlə banka gedərək kredit götürməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 1/12/72565048 USD nömrəli Kassa Məxaric orderindən görünür ki, Cavabdeh DəmirBank ASC 6370 ABŞ dolları məbləğində kredit götürməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1418 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, vərəqində Cavabdeh adına olan xx.xx.2014-cü il tarixli Kassa məxaric orderinin aşağı hissəsindəki “İMZA” qrafasında imzanın - Cavabdeh tərəfində icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 70manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 oktyabr 2014-cü il tarixdə Cavabdeh ilə Kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verildiyini, eləcə də Həmin Kredit müqaviləsi üzrə əlavə saziş bağlandığını qeyd edir. Bundan başqa cavabdehlə bağlanmış kredit müqaviləsi, əlavə Sazişlər və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsi mümkün olmadığından, 6370 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderini mötəbər sübut kimi məhkəməyə təqdim edir. Cavabdeh məhkəmə baxışı zamanı izahatında DəmirBank ASC ilə kredit müqaviləsi bağlamadığını, kredit götürmədiyini bildirir. Qeyd edilən xüsusatların araşdırılması məqsədi ilə, məhkəmə tərəfindən, məhkəmə xəttşunaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəy verərək xx.xx.2014-cü il tarixli 1/12/72565048 USD nömrəli Kassa Məxaric orderində “İMZA” qrafasında imzanın - Cavabdeh tərəfində icra olunubolunmamasının müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 6370 ABŞ dolları kredit verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsinin bağlanmasına, Cavabdeh 6370 ABŞ dolları kredit verilməsinə əsas ola bilən hal, məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməli, 70 manat ekspertiza xərci iddiaçıdan alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh 588.21 ABŞ dolları əsas kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. LPO DəmirBank» ASC-nin Cavabdeh 588.21 ABŞ dolları əsas kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 70 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar