Məhkəmə qərarları › İş №e-2(046)-807/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-807/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-807/2023 05.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X3 Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19181 manat 35 qəpik əsas kredit borcu, 1949 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 21130 manat 98 qəpik kredit borcunun və 153 manat 39 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faiz olmaqla 50 ay müddətinə 19181 manat 35 qəpik kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh banka cəmi 21130 manat 98 qəpik kredit borcu qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-nə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş,nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, doğrudan da iddiaçı "xxxx" ASC-ən xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinə əsasən kredit götürmüş,ödənişlər etmiş,lakin sonradan maddi vəziyyətində dəyişiklik olduğuna görə vaxtında ödənişləri edə bilməmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında illik 15 faiz olmaqla 50 ay müddətinə 19181 manat 35 qəpik məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun "xxxx" MMC-yə 19181 manat 35 qəpik əsas kredit borcu, 1949 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 21130 manat 98 qəpik borcu vardır. İddia ərizəsinə iddiaçı "xxxx" ASC-i tərəfindən 153 manat 39 qəpik dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" ASC ilə Cavabdeh arasında illik 15 faiz olmaqla 50 ay müddətinə 19181 manat 35 qəpik kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə aldıqlarını İddiaçı ASC -nə qaytarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 153 manat 39 qəpik məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı ASC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19181 manat 35 qəpik əsas kredit borcu, 1949 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 21130 manat 98 qəpik məbləğində pul və 153 manat 39 qəpik dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19181 manat 35 qəpik əsas kredit borcu, 1949 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 21130 manat 98 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Məhkəmə xərcləri cavabbehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 153 manat 39 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar