Məhkəmə qərarları › İş №e-2(046)-897/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-897/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-897/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin borclu olduqları 46.500 (qırx altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 231 manat olmaqla, ümumilikdə 46.731 (qırx altı min yeddi yüz otuz bir) manat pul məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışdılar ki, uzun müddətdir ki, şərikli olaraq pomidor şitillərinin topdan satışı ilə məşğuldurlar. Göyçay rayon, Mırtı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 bir neçə ildir ki, onlarla alver etmişlər. xx.xx.2021-ci il tarixdə İddiaçı1 Göyçay rayonu, Mırtı kəndində Cavabdeh2 142.900 ədəd hər biri 0.30 manat olmaqla pomidor şitili satmışdır. Şifahi razılaşmaya əsasən Ayaz onlara 42.870 manat pul verməli idi. Bundan əlavə, Cavabdeh2 əvvəllər onlara borclu olduğu 1.400 manat pulu da verməli idi. Lakin sonradan onlar verilən şitillərin deyilən növə aid olmadığını, məhsuldarlığın aşağı olmasını və digər bəhanələri əsas gətirərək pulu verməkdən imtina etdilər. Bununla da, onlara ödənilməli olan Cavabdeh2 44270 manat, Cavabdeh1 isə ödənilməmiş 1800 manat borcu yaranmışdır. Bununla əlaqədar, cavabdehlərlə dəfələrlə əlaqə saxlayıb borcu tələb etsələr də, onlar müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişlər. Daha sonra məcbur qalıb xx.xx.2021-ci il tarixdə AR Baş Prokurorluğuna müraciət etmişlər və şikayətləri müxtəlif instansiyalarda araşdırılmağa başlamışdır. Müraciət xx.xx.2021-ci il tarixdə Sabirabad rayon prokurorluğundan Sabirabad rayon polis şöbəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə “materialın ərazi aidiyyatı üzrə göndərilməsi barədə” qərar qəbul edilərək toplanmış material xx.xx.2021-ci il tarixdə Göyçay RPŞ-nə göndərilmiş, təhqiqatçı X2 tərəfindən xx.xx.2021-ci il tarixdə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Material nəzarət qaydasında rayon prokuroru tərəfindən araşdırılmış və xx.xx.2022-ci il tarixdə ləğv edilərək əlavə araşdırmaya qaytarmış və təhqiqatçı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Material yenidən nəzarət qaydasında rayon prokuroru tərəfindən araşdırılmış və xx.xx.2022-ci il tarixdə ləğv edilərək əlavə araşdırmaya qaytarmış və xx.xx.2022-ci il tarixdə ərazi aidiyyatı üzrə yenidən Sabirabad RPŞ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarın qanunsuz olması qənaətinə gəlinərək AR Baş Prokurorluğuna müraciət edilmiş və material öyrənilərək xx.xx.2022-ci il tarixdə yenidən Göyçay RPŞ-nə qaytarılmışdır. Sonra xx.xx.2022-ci il tarixli qərarla material aidiyyatı üzrə Sabirabad RPŞ- nə göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə materialın araşdırılması məqsədilə aidiyyatı üzrə Göyçay RPŞ-nə göndərilməsi barədə AR Baş Prokurorluğuna müraciət edilmiş və material öyrənilərək Sabirabad RPŞ-nə qaytarılmış və xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elvin Həmidov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin müraciətin araşdırılması zamanı izahatları alınmış Cavabdeh2 və Cavabdeh1 hər ikisi eyniməzmunlu izahat verərək bildirmişdirlər ki, İddiaçı1 20 ildir tanısa da, İddiaçı2 tanımır. İddiaçı1 pomidor şitillərini alıb Mırtı kənd sakinlərinə satır. xx.xx.2021-ci il tarixdə İddiaçı1 142000 ədəd pomidor şitilini hər birini 0.30 manata razılaşdırılmaqla almış və 0.32 manata kənd sakinlərinə paylamışdır. Sakinlər 2 aydan sonra məhsul yığımı zamanı şikayətlənməyə başlamış, pomidor şitillərinin məhsul vermədiyini bildirmişdir. Kənd sakinləri pulu verməmiş, əksinə dəymiş zərərlə bağlı pul tələb etmişlər. O, həmin adamları aldatmamış, kənd sakinlərindən pulları yığa bilmədiyinə görə borclu qalmışdır. Bu hadisədən sonra iddiaçılar cavabdehlərdən pullarını tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış, ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 1800 manat, Cavabdeh2 isə 44.270 manat məbləğində pulun və iddia ərizəsinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 231 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı1 20 ildir ki, tanısa da, İddiaçı2 tanımır. İddiaçı1 pomidor şitilləri alıb Mırtı kənd sakinlərinə satmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı1 142000 ədəd pomidor şitilini hər birini 0.30 manata razılaşdırılmaqla almış və 0.32 manata kənd sakinlərinə paylamışdır. Sakinlər 2 aydan sonra məhsul yığımı zamanı şikayətlənməyə başlamış, pomidor şitillərinin məhsul vermədiyini bildirmişdir. Kənd sakinləri pulu verməmiş, əksinə dəymiş zərərlə bağlı pul tələb etmişlər. O, kənd sakinlərindən pulları yığa bilmədiyi üçün borclu qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, atası Cavabdeh1 iddiaçılara 1800 manat pul borcu vardır. Pamidor şitillərinin alqı-satqısında atası iştirak etməmişdir. Alqı-satqıda əmisi Cavabdeh2 iştirak etmiş, İddiaçı2 tanımır. “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı1 yulafın becərilməsi istiqamətində xx.xx.2023-cü il tarixdən ********** saylı VÖEN verilmiş, hal-hazırki vəziyyətdə VÖEN aktivdir. AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı2 digər dənli bitkilərin becərilməsi istiqamətində xx.xx.2022-ci il tarixdən ********** saylı VÖEN verilmiş, hal-hazırki vəziyyətdə VÖEN aktivdir. “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Cavabdeh1 digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi istiqamətində xx.xx.2020-ci il tarixdən ********** saylı VÖEN verilmişdir, fəaliyyətini müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda,hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 28-ci bəndinə əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmin qərarın 16-cı bəndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hər iki cavabdehə qarşı iddia tələbi bir iddia ərizəsində irəli sürülsə də, yəni işlər məhkəmənin qərardadı ilə birləşdirilməsə də, nəticə etibarı tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından tələbə ümumi deyil kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 fərdi sahibkar statusuna malik olmalarını, tərəflər arasında borc münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmasını, beləliklə tərəflərin subyekt tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini, bu meyarların hər üçünün qarşılıqlı bağlılığını nəzərə alıb, hesab edir ki, mülki işə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 1, 24, 26, 32, 263,264,268-ci maddələrini rəhbər tutuaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar