Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-950/2025 23.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, X4n hüquqi varisləri Cavabdeh3, X6 və Cavabdeh4 müştərək qaydada 10120 ABŞ dolları pulun, ödənilmiş 141 manat 60 qəpik dövlət rüsumunun və hüquqi yardım almaq uçün vəkilə ödədiyi 800 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o Cavabdeh2 və onun mərhum qardaşı X10 uzun illər əvvəl tanımış və aralarında dostluq münasibətləri olmuşdur. X5 2023-cü ilin aprel ayının sonunda ondan 15000 ABŞ dolları borc pul istəmişdir. 2023-cü ilin may ayının 4-də o özünə məxsus «FORD TRANZİT» markalı yük avtomobili ilə mərhum Tural Həşimova məxsus meyvə məhsulunu Bakı şəhərinə Meyvəli bazarına aparıb orada alver edən Cavabdeh2 təhvil vermişdir. Həmin vaxt Cavabdeh2 ona bildirdi ki, özünün xəstəliyi ilə bağlı alver edə bilmir rayona qayıdanda Turala istədiyi məbləğdə borc pul ver, onlar meyvə satışından qazanıb borcunu qaytaracaqlar. X4 və Cavabdeh2 uzun illərdir tanıdığı üçün Bakıdan qayıdandan 1 gün sonra Göyçay şəhərində Təzə bazarda mərhum Tural Həşimova 12 000 ABŞ dolları, 2-3 gün sonra eyni yerdə 2000 ABŞ dolları borc pul vermişdir. 16 may 2023-cü il tarixdə Tural Həşimov qəflətən Bakı şəhərində vəfat etmişdir. Həmin vaxtdan keçən müddət ərzində Cavabdeh2 Tural Həşimovun 7 yas mərasimindən sonra 3400 manat, 40 mərasimindən sonra 2000 manat, 15 may 2024-cü il tarixdə 1000 manat borclarından ona qaytarmışdır. Bundan sonra dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh2 nəinki ona borclu olduğu pulu qaytarmamış, hətta ona şər atacağı ilə onu hədələmişdir. Cavabdeh2 qanunsuz hərəkətləri barədə 14 avqust 2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə etdiyi şikayət X2 araşdırılmış, cavabdeh izahatında ona 6400 manat pul qaytardığını, ona 17400 manat borcunun qaldığını etiraf etmiş, həmin vaxtdan sonra ona əlavə 200 manat da qaytarmışdır. Göyçay rayon Polis Şöbəsinin 28 avqust 2024-cü il tarixli məktubu ilə tələbi mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də borcun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, o İddiaçı bir dəfə görmüşdür. Mərhum oğlu X17 İsgəndərova borclu olmasından xəbəri yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, mərhum oğlunun qırx məclisində İddiaçı gələrək mərhum oğlu Turalın ona borcunun olduğunu demişdir. Elşən onlara gələrək hədə-qorxu gələrək, səs-küy salmışdır. Tural meyvəni Göyçay bazarından alırdı sonra aparıb satırdı. Sata bilməyəndə isə qardaşı Nurməmmədə verirdi ona köməklik edərək meyvəni satırdı. Oğlunun Elşənə 15000 ABŞ dolları borcunun olduğunu eşidəndə buna heç vaxt inanmamışdır. Elşənin oğlu Turala 15000 ABŞ dollarının verməsi ilə bağlı heç bir məlumatı yoxdur onun xəbəri olmamışdır. X15 həmin məbləğdə pul vermişdirsə oğlu Turalın vəfat etdiyi günə qədər ondan həmin pulu tələb etməmişdir. Oğlu Nurməmməd Bakı şəhərində kirayədə yaşayır. İddiaçı oğlu Turala pul verməsi ilə bağlı hər hansısa bir sübut təqdim edə bilməmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, mərhum əri X17 İsgəndərova borclu olmasından məlumatı olmamışdır. Mərhum ərinin Elşən Həşimovdan pul almış olsaydı onun bundan xəbəri olardı. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon Qarabaqqal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4n ailə üzvləri ilə ümumi birgə mülkiyyətləri barədə bildirilir ki, yaşayış məntəqəsi torpaqları 0.13 ha və kənd təsərrüfatı təyinatlı 0.78 ha torpaq sahəsi bələdiyyənin bamus proqramında qeydiyyatda mövcuddur və mülkiyyətlərində olan torpaq sahələrini alqı-satqısına dair Qarabaqqal bələdiyyəsində məlumat yoxdur. İşə əlavə edilmiş Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü Cavabdeh3 mərhum oğlu X14 atası Cavabdeh3 məxsus fərdi yaşayış evində yaşamışdır. X16 sağlığında və ya vəfat etdikdən sonra onun adına Göyçay RİHB-nın Qarabaqqal İƏDsi üzrə nümayəndəliyinin təsərüffat başına qeydiyyat kitabında heç bir mal, mülkü haqqında qeyd yoxdur və olmamışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin görünür ki, X1 Munisə Seyfulla qızı ilə nikahlarını Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2015-ci ildə 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həşimova soyadı verilmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X11, Cavabdeh1, Cavabdeh2 Ariz oğluna və X12 Göyçay rayonu Qarabaqqal kəndində 0.13 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 adında Azərbaycan Respublikası ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında hazır ki dövr üçün məlumat yoxudr. İşə əlavə edilmiş Göyçay rayon Polis Şöbəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki,Cavabdeh2 yazaraq qeyd etmişdir «mənim məlumatım var idi Elşən ona pul vermişdi.Pulun qədərini dəqiq bilmirdim.Tural rəhmətə gedəndən sonra Elşən mənə dedi ki,Turalın ona 25000 manat pul borcu qalıb.Mən Elşənə bu günə kimi dəqiq bilmirəm,lakin bildiyimə görə 8400 manat qaytarmışam,hazırda Elşən qardaşımın qalan borcunu məndən tələb edir.Mən Elşənə 6400 manat vermişəm.Hazırda Elşən məndən 17400 qalan borcu qayarılmasını tələb edir.Həmin borcu hissə-hissə qaytaracam.» Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı,notarial qaydada təsdiq edilmiş müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü ºəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin ºəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki,müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər, həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən (şəxslərdən) vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehlərin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə tərəflərin hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İddiaçı mərhum X14 ilə 2023-cü ilin may ayında borc münasibətlərinin yaranmasını bildirdiyindən və borcun predmetinin cəmi 14000 ABŞ dolları (12000 birinci dəfə,2-3 gündən sonra 2000 ABŞ dolları) məbləğində xarici valyutanın təşkil etməsini göstərdiyindən,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı- tərəflər arasında borc müqaviləsinin bağlanmasını sübut etməlidir. Məlumdur ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.Yazılı formada müqavilə isə sadə və ya notariat qaydada bağlanmalıdır.Sadə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə,notariat qaydada bağlanmış müqavilə isə tərəflərin imzaladığı sənədin notariat qaydada təsdiq edilməsi yolu ilə bağlanır. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan İddiaçı ilə X5 arasında etibarlı borc müqaviləsinin bağlanması müəyyən edilməmiş,iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bununla yanaşı məhkəmə iddia olunan pul məbləğinin borc müqaviləsi əsasında deyil, Mülki Məcəllənin əsassız varlanma hallarını tənzimləyən normaları nəzərə alınmaqla verildiyini təsdiq edən sübutları tədqiq etmişdir. Məhkəmə Cavabdeh2 Göyçay rayon Polis şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatla bağlı qeyd edir ki,izahatdan da göründüyü kimi,Cavabdeh2 qardaşı X19 İsgəndərov tərəfindən borc pul verməsini bildiyini göstərmiş,lakin borcun nə qədər olmasına dəqiq məlumata malik olmamış, İddiaçı ona verdiyi məlumat əsasında Turalın 25000 manat pul borclu qalmasını öyrənmişdir.Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki,qardaşı Turalın 7 gün yas mərasimində İddiaçı ona Turalın borclu olduğunu demiş,əvvəl inanmamış,sonra borcun bir qismini ödəmiş,İddiaçı Turala borc verməsindən xəbəri olmamışdır. Beləliklə iddiaçı iddia ərizəsində verilmiş pulun cəmi 14000 ABŞ dolları məbləğində (məzənnə üzrə 23800 manat) olmasına istinad edir,digər tərəfdən isə Cavabdeh2 Göyçay rayon Polis şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatına istinad edir,halbuki həmin izahatda pulun 25000 manat olması göstərilir, cavabdehin verdiyi izahatlarla iddia ərizəsində göstərilən hallar uyğun gəlməmiş, iddia olunan məbləğdə pulun verilməsini cavabdeh etiraf etməmişdir. O ki,qaldı Cavabdeh2 tərəfindən 6600 manat (6400+ 200) manat məbləğində pulun İddiaçı verilməsi məsələsinə gəldikdə,məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki,Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən öhdəliyi borclunun şəxsən icra etməli olduğu hallar istisna olmaqla, onun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir . Bu halda borclunun kreditor qarşısında bir qayda olaraq, özünün yerinə yetirməli olduğu öhdəlik üçüncü bir şəxs tərəfindən icra edilmiş olur: məsələn, alıcının əşyanın dəyərini satıcıya ödəmək borcunu başqa bir şəxsin yerinə yetirməsi. Öhdəliyi üçüncü şəxsin icra etməsi borclu ilə üçüncü şəxs arasındakı müxtəlif məzmunlu hüquq münasibətlərindən - xidmət, tapşırıq və ya üçüncü şəxsin xeyrinə müqavilədən irəli gələ bilər. Belə müqavilə münasibətləri olmadan və hətta borclunun məlumatı xaricində, lakin onun mənafeyi naminə icra isə özgə işlərini tapşırıqsız aparma hesab edilir. Bu halda kreditoru təmin edən üçüncü şəxs qanun əsasında kreditorun yerinə keçməklə onun xələfi olur, borclu isə üçüncü şəxsin qarşısında öhdəlik daşıyır. Öhdəliyi icra edilmiş borclunun, kreditoru təmin edən üçüncü şəxsin icrasını bəyəndiyi təqdirdə tapşırıq müqaviləsi, əks halda özgə işlərini tapşırıqsız aparma qaydaları çərçivəsində öhdəlik daşıması, icraçının da mənafeyinə uyğun iş görülmüş şəxsdən xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.Odur ki, Cavabdeh2 tərəfindən cəmi 6600 manat məbləğində pulun iddiaçıya verilməsi tapşırıq müqaviləsi əsasında müəyyən edilmədiyindən ,həmçinin Tural Həşimovun hüquqi varisləri olan digər cavabdehlər tərəfindən icranın bəyənilməsi təsdiq olunmadığından məhkəmə hesab edir ki,bu halda cavabdehin hərəkətləri özgə işlərini tapşırıqsız aparma qaydaları çərçivəsində qiymətləndirilməli,pulun iddiaçıya verilməsi heç də cavabdehin iddiaçı qarşısında öhdəliyin mövcud olması nəticəsinə gəlməyə əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 10120 ABŞ dolları məbləğində pulun alınması tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 141 manat 60 qəpik dövlət rüsumundan və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 800 manat məbləğində puldan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 10120 ABŞ dolları məbləğində pulun müştərək qaydada alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-950/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-950/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver