Məhkəmə qərarları › İş №e-2(047)-1042/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1042/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1042/2024 26.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında bахаraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə o, baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə isə cavabdeh administrator vəzifəsinə keçirilmiş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli əmrlə isə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin – OBA Yevlax 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4359,66 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. İş materiallarına əlavə edilmiş iltizamnamədən də görünür ki, Cavabdeh İddiaçı MMC-yə vurduğu ziyana heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3556 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3556 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bundan başqa mediasiya prosesi vasitəsilə də cavabdehlə müvafiq razılıq əldə olunmamışdır. Odur ki, Cavabdeh 3556 manat məbləğində əsas borcun, mediasiya xərci üçün ödənilmiş 60 manatın tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavildən, əmrdən çıxarışdan və bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavədən, əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən cəmiyyətdə baş satıcı vəzifəsinə keçirilmiş və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavədən, əmrdən çıxarışdan və X3 haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən cəmiyyətin administrator vəzifəsinə keçirilmiş və onunla X3 daşıması barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC üzrə xx.xx.2023-cü il 144X saylı əmrdən çıxarışdan və bildirişdən görünür ki, Cavabdeh işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli arayışdan və müvafiq aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 4359,66 manat borcu yaranmış və müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin İddiaçı MMC-nə 3556 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş iltizamnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin – OBA Yevlax 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticələrinə dair tərtib edilmiş aktın sayım qaydalarına uyğun keçirilməklə tərtib edildiyi ilə razılaşmış, həmçinin sayım qrupuna heç bir etirazının olmadığını bildirsə də, lakin tərtib edilmiş akta imza etməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehə İddiaçı MMC-nə olan 3556 manat borcunu ödəməsi üçün müvafiq qaydada məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 20 saylı Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş və buna görə İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında müvafiq əmək müqaviləsi bağlanılmış və o, həmin cəmiyyətdə əvvəlcə satıcı-kassir daha sonra isə baş satıcı və administrator vəzifəsinə işə götürülmüşdür. Bundan başqa Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin əmək münasibətləri prosesində X3 daşıması barədə müvafiq müqavilə də bağlanmışdır. Cavabdeh İddiaçı MMC-də xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamış və müqavilə müddətinin bitməsi əsası ilə xx.xx.2023-cü il tarixdə isə işdən azad olunmuşdur. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə iş yerində iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli arayışdan və müvafiq aktdan görünür ki, Cavabdehnın İddiaçı MMC-nə 4359,66 manat borcu yaranmış və müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin İddiaçı MMC-nə 3556 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh tərəfindən imzalanmış iltizamnamədən də görünür ki, o, xx.xx.2023-cü il tarixdə İddiaçı MMCnin – OBA Yevlax 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticələrinə dair tərtib edilmiş aktın sayım qaydalarına uyğun keçirilməklə tərtib edildiyi ilə razılaşmış, həmçinin sayım qrupuna heç bir etirazının olmadığını da bildirmişdir. Bundan sonra qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, onun tərəfindən iddiaçıya heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 20 saylı Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə müvafiq arayış tərtib edilmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan İddiaçı MMC-nin ödəmiş olduğu mediasiya xərci hesabına Cavabdeh 60 manat məbləğində mediasiya xərci də iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə belə hesab edir ki, mübahisənin yaranmasında təqsirli şəxs, məhz Cavabdehdır. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 3556 manat dəymiş ziyanın və 60 manat ödənilmiş mediasiya xərcinin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam nəticəsində belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3556 manat məbləğində dəymiş ziyan və 60 manat ödənilmiş mediasiya xərci tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3556 (üç min beş yüz əlli altı) manat dəymiş ziyan və 60 (altmış) manat ödənilmiş mediasiya xərci tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar