Məhkəmə qərarları › İş №e-2(047)-133/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-133/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-133/2025 17.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X3” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “X3” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri Nizami rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “VAZ 21154” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1000 (bir min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarında Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan qərarda yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh “X3” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1446 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" ASC-yə ödənilməmişdir. Odur ki, Cavabdeh ümumilikdə 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh da məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktından, icbari sığorta müqaviləsinə dair məlumatdan, qüsur aktından və Bakı şəhəri, Nizami Rayon DYBŞ-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X3” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21154” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 21154” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 1000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırlarından görünür ki, "xxxx" ASC tərəfindən ümumilikdə 1000 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 10 iş günü müddətində ümumilikdə 1000 manat məbləğində pulun cəmiyyətə ödənilməsi xahiş olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X3” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21154” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və ona görə də Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Nəticədə “VAZ 21154” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 1000 manat məbləğində müəyyən edilərək "xxxx" ASC tərəfindən müvafiq qaydada zərərçəkmiş şəxsə ödənilmişdir. Beləliklə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh “X3” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi və onun üçün də qeyd edilən sığorta hadisəsinin baş verməsində təqsirli olduğuna görə ödənilmiş sığorta məbləği də cavabdeh tərəfindən ödənilməli olmasına baxmayaraq qeyd edilən məbləğ onun tərəfindən iddiaçı "xxxx" ASC-nə ödənilməmişdir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (bir min) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1030 (bir min otuz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar