Məhkəmə qərarları › İş №e-2(047)-145/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-145/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-145/2024 13.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 29 faizlə 24 ay müddətinə 7000 manat kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin borclu Cavabdeh2 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdeh2 banka xx.xx.2023-cü il tarixə 6544,10 manat əsas, 7216,23 manat faiz, cəmi 13760,33 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə 6544,10 manat əsas, 7216,23 manat faiz, cəmi 13760,33 manat məbləğində borcun, həmçinin ödənilmiş 132 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Emin Quliyev məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kredit sazişindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və həmin saziş üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6544,10 manat, faiz borcu üzrə 7216,23 manat, cəmi 13760,33 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1830 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 dekabr 2019-cu il tarixli MK/22992/73/11 №-li kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2021-ci il tarixə faiz borcu üzrə 3468,68 manat. Həmçinin Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 dekabr 2019-cu il tarixli MK/22992/73/11 №-li kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən əsas borc üzrə 6543,99 manat. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə kredit sazişi bağlanmış və həmin sazişə əsasən Cavabdeh2 illik 29 faizlə 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən sazişə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Bundan sonra kredit sazişinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 banka iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 6544,10 manat, faiz borcu üzrə 7216,23 manat, cəmi 13760,33 manat məbləğində borcu qalmışdır. Lakin məhkəmə belə hesab edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit müqaviləsinin bitdiyi tarixədək faiz borcu, həmin tarixdən sonra isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərinə əsasən hesablanmış faiz formasında zərər (real zərər və əldən çıxmış fayda) tələb olunmalı olduğu halda iddiaçı tərəfindən göstərilən şərtlərə riayət olunmadan cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün də iddia qaydasında faiz borcu istənilmişdir ki, məhkəmə də bu halı kredit müqaviləsinin bağlanması sahəsində olan qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Belə ki, işdə olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1830 nömrəli ekspertiza rəyinə əsasən Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 dekabr 2019-cu il tarixli MK/22992/73/11 №-li kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2021-ci il tarixə, yəni kredit müqaviləsinin bitdiyi tarixə banka olan faiz borcu 3468,68 manat, həmçinin Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 dekabr 2019-cu il tarixli MK/22992/73/11 №-li kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2023-cü il tarixə banka olan əsas borcu isə 6543,99 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə müvafiq ekspert rəyi ilə razılaşaraq və yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh2 banka olan borcunun əsas borc üzrə 6543,99 manat, faiz borcu üzrə isə 3468,68 manat olmasını qanuni və əsaslı hesab edir. Həmçinin, İddiaçı ASC-nın iddia tələbini zamin Cavabdeh1 aid hissədə təftiş edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2019-cu il tarixli kredit sazişi ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2021-cı il tarixində bitdiyindən, kreditor zaminə qarşı xx.xx.2022-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən isə bank xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə bütövlükdə xitam verilməklə ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 132 manat dövlət rusumunun 120 manatı onun xeyrinə Cavabdeh2 tutulmalı və digər qismi, yəni 12 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 əsas borc üzrə 6543,99 manat, faiz borcu üzrə 3468,68 manat, cəmi 10012,67 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 120 manatı tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 12 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1830 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 60 manatı Cavabdeh2 və 40 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360 1**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 6543,99 manat, faiz borcu üzrə 3468,68 manat, cəmi 10012,67 (on min on iki manat altmış yeddi qəpik) manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 120 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 12 (on iki) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1830 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 60 (altmış) manatı Cavabdeh2 və 40 (qırx) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360 1**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar