Məhkəmə qərarları › İş №e-2(047)-158/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-158/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-158/2024 02.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 11276,48 manat kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin borclu Cavabdeh2 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdeh2 banka xx.xx.2023-cü il tarixə 11019,78 manat əsas, 190,96 manat faiz, cəmi 11210,74 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə 11019,78 manat əsas, 190,96 manat faiz, cəmi 11210,74 manat məbləğində borcun, həmçinin ödənilmiş 124 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vüsalə Həsənova məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli sonrakı girov müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş girov aktından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh2 məxsus 9 ədəd qızıl-zinət əşyası girov qoyulmuş, həmin qızıl-zinət əşyaları saxlanılması üçün girov qoyan tərəfindən bankın kassasına təhvil verilmiş, lakin İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilən prosessual hüquq normasının tələbinə əsasən də məhkəmə İddiaçı ASCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə iddia tələbinə iddiaçının qeyd edilən iddia tələbi həcmində baxılmasını qanuni və əsaslı hesab edir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli güzəştli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 11276,48 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11019,78 manat, faiz borcu üzrə 190,96 manat, cəmi 11210,74 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilərək cavabdehlərdən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 11019,78 manat, faiz borcu üzrə 188,79 manat borc məbləğinin dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə məhkəmə və icra xərclərinin də cavabdehlərdən tutulacağı onlara biuldirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 11276,48 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqavilələrə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü tarixli borcun könüllü ödənilməsi barədə bildiriş ünvanlanaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilib cavabdehlərdən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 11019,78 manat, faiz borcu üzrə 188,79 manat borc məbləğinin dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə məhkəmə və icra xərclərinin də cavabdehlərdən tutulacağı onlara biuldirilmişdir. Buna görə də Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə faiz borcunun hesablanması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı ASC-nin cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilməmiş əsas borc qismində 11019,78 manat, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 188,79 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə isə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 124 manat dövlət rusumu da iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 11019,78 manat, xx.xx.2023cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu üzrə 188,79 manat, cəmi 11208,57 manat məbləğində borc pul və 124 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 11019,78 manat, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu üzrə 188,79 manat, cəmi 11208,57 (on bir min iki yüz səkkiz manat əlli yeddi qəpik) manat məbləğində borc pul və 124 (bir yüz iyirmi dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar