Məhkəmə qərarları › İş №e-2(047)-164/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-164/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-164/2025 02.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC (əvvəlki "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT MMC (əvvəlki "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərardadına əsasən İddiaçı BOKT MMC (əvvəlki "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT MMC-nin (əvvəlki "xxxx" BOKT MMC) nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, "X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə Cavabdeh3 arasında 17 mart 2022-ci il tarixli 2878/2 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh3 dərzi avadanlığının alışı üçün 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) olmaqla, 7000 (yeddi min) manat məbləğdə kredit verilmiş,17 mart 2022-ci il tarixli, 2878/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında17 mart 2022-ci il tarixli 2878/2 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 mart 2022-ci il tarixli 2878/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Cavabdeh3 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh3 17 mart 2022-ci il tarixli 2878/2 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə əsas borcunun məbləği 3827,79 (üç min səkkiz yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat, faiz üzrə 598,33 (beş yüz doxsan səkkiz manat otuz üç qəpik) manat, cərimə məbləği 21,17 (iyirmi bir manat on yeddi qəpik) manat olmaqla cəmi 4447,29 (dörd min dörd yüz qırx yeddi manat iyirmi doqquz qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb (bildiriş məktubları və onların cavabdehlərə çatdırılmasına dair qəbzlər ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3827,79 manat əsas, 598,33 manat faiz və 21,17 manat cərimə borcu olmaqla, cəmi 4447,29 manat borcun, həmçinin 64,48 manat ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT MMC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Bundan sonra "xxxx" MMC-nin nümayəndəsi Nofəl İsmayılov xx.xx.2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq kredit üzrə əsas borcun məbləği 3827,79 manat, faiz üzrə 402,44 manat, cərimə məbləği 19,32 manat olmaqla cəmi 4249,55 manat məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 64,48 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə xx.xx.2025-ci il tarixdə keçiriliən məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı BOKT MMC (əvvəlki "xxxx" BOKT MMC) nümayəndəsi Elxan Muradlı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı BOKT MMC (əvvəlki "xxxx" BOKT MMC) ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh3 illik faiz dərəcəsi 25% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı BOKT MMC-nin əvvəlki adı "xxxx" BOKT MMC olmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2024cü il tarixə 3827,79 manat əsas, 402,44 manat faiz, 19,32 manat cərimə məbləği, cəmi 4249,55 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, cavabdehlərə xx.xx.2024cü il tarixə yaranmış 4249,55 manat borcunu 5 (iş) iş günü ərzində ödəməsi, əks təqdirdə BOKT-na olan ümumi kredit borcunun və ona hesablanacaq faizlərin və cərimənin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, "X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki "xxxx" BOKT MMC) ilə Cavabdeh3 arasında 17 mart 2022-ci il tarixli 2878/2 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh3 dərzi avadanlığının alışı üçün 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) olmaqla, 7000 (yeddi min) manat məbləğdə kredit verilmiş, 17 mart 2022-ci il tarixli, 2878/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 17 mart 2022-ci il tarixli 2878/2 nömrəli zaminlik müqaviləsi bağlanmış, lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də "X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya göndərilərək cavabdehlərdən xx.xx.2024-cü il tarixə yaranmış 3827,79 manat əsas, 402,44 manat faiz, 19,32 manat cərimə olmaqla, cəmi 4249,55 manat borcunu 5(beş) iş günü ərzində ödəməsi, əks təqdirdə banka olan ümumi kredit borcunun və ona hesablanacaq faizlərin və cərimənin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan sonra da cavabdehlər tərəfindən bildirişdə göstərilən əsas, faiz və cərimə borcu ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də tərəflər arasında mövcud olan kredit müqaviləsinə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xitam verildiyini, yəni həmin kredit müqaviləsinin ləğvinin müqavilələrin ləğvinin ümumi formasında həyata keçirildiyini, lakin iddiaçı tərəfindən cavabdehlərə ünvanlanan bildirişdə göstərilən faiz borcunun məbləği ilə iddia ərizəsində qeyd edilən faiz borcunun məbləğinin eyniyyət təşkil etdiyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə hesablanmış 3827,79 manat əsas və 402,44 manat faiz borcunun tutularaq "X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi tam qanuni və əsaslıdır. Həmçinin, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlərdən 19,32 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 05 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 64,48 manat dövlət rusumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3827,79 manat əsas borc, 402,44 manat faiz borcu, 05 manat cərimə, cəmi 4235,23 manat məbləğində borc pul və 64,48 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "Monetri” Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3827,79 manat əsas borc, 402,44 manat faiz borcu, 05 manat cərimə, cəmi 4235,23 (dörd min iki yüz otuz beş manat iyirmi üç qəpik) manat borc pul və 64,48 (altmış dörd manat qırx səkkiz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "Monetri” Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar