Məhkəmə qərarları › İş №e-2(047)-194/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-194/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-194/2025 07.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri, 23 saylı notariat kontorunda xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-2236 nömrə ilə qeyd edilən borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, “Borc verən” “Borc alana” 18700 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verir.” Həmin müqavilənin 2-ci maddəsinə əsasən, “Borc alan” borcu xx.xx.2026-cı il tarixinədək, yəni xx.xx.2025-ci il tarixədək hər ay 500 (beş yüz) manat olmaqla, əlavə olaraq xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək isə hər ay 1000 (min) manat olmaqla "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, “Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.” Lakin həmin müqavilənin 8-ci maddəsinə əsasən, “borc alan” müqavilədə göstərilən şərtlər daxilində borcu qaytarmadıqda gecikdirilmiş hər günə görə ümumi qalıq borcun 10 faizi miqdarında cərimə ödəməlidir. “Borc alan” ardıcıl iki ay ödəniş etmədiyi təqdirdə “borc verən”-nin tam borc məbləğini və cərimələri müqavilə müddəti bitmədən tələb etmək hüququ vardır. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu və cərimələri qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirməmiş, xx.xx.2025-ci il tarixədək 18700 manat əsas pulun iddiaçıya ödənilməsindən yayınmışdır. Cavabdeh dəfələrlə borcun geri qaytarılması tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən pulun ödənilməsi ilə bağlı hər-hansı hərəkət edilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, onun vəziyyətini olduqca ağırlaşdırdığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh 18.700 manat məbləğində əsas borcun, borcun gecikdirilməsinə görə 7667 manat cərimə və 169 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin onların iştirakları olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə İddiaçı və Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Bakı şəhəri, 23 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 18700 manat borc pul almış, həmin borcu xx.xx.2026-cı il tarixinədək, yəni xx.xx.2025-ci il tarixədək hər ay 500 (beş yüz) manat olmaqla, əlavə olaraq xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək isə hər ay 1000 (min) manat olmaqla "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci maddəsinə əsasən, “borc alan” müqavilədə göstərilən şərtlər daxilində borcu qaytarmadıqda gecikdirilmiş hər günə görə ümumi qalıq borcun 10 faizi miqdarında cərimə ödəməlidir. “Borc alan” ardıcıl iki ay ödəniş etmədiyi təqdirdə “borc verən”-nin tam borc məbləğini və cərimələri müqavilə müddəti bitmədən tələb etmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-nin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. MM-nin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. MM-nin 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. MM-nin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); Bundan əlavə, MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Bakı şəhəri, 23 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 18700 manat borc pul almış, həmin borcu xx.xx.2026-cı il tarixinədək, yəni xx.xx.2025-ci il tarixədək hər ay 500 (beş yüz) manat olmaqla, əlavə olaraq xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək isə hər ay 1000 (min) manat olmaqla "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa həmin müqavilənin 8-ci maddəsinə əsasən, “borc alan” müqavilədə göstərilən şərtlər daxilində borcu qaytarmadıqda gecikdirilmiş hər günə görə ümumi qalıq borcun 10 faizi miqdarında cərimə ödəməlidir. Həmçinin, “Borc alan” ardıcıl iki ay ödəniş etmədiyi təqdirdə “borc verən”-nin tam borc məbləğini və cərimələri müqavilə müddəti bitmədən tələb etmək hüququ vardır. Lakin cavabdeh 18700 manat borcu qaytarmamış, iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən borc məbləğinin qaytarılmasını tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan borcunu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 18700 manat borc pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh 7667 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 800 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 169 manat dövlət rusumunun 148,50 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 20,50 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18700 manat borc pul, 800 manat cərimə, cəmi 19500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 148,50 manatı tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 20,50 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18700 manat borc pul, 800 manat cərimə, cəmi 19500 (on doqquz min beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 148,50 (bir yüz qırx səkkiz manat əlli qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 20,50 (iyirmi manat əlli qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar