Məhkəmə qərarları › İş №e-2(047)-204/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-204/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-204/2025 08.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı «Finca Azerbaijan” MMQBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «Finca Azerbaijan” MMQBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan” MMQBKT-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0618 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 538 manat olmaqla bərabər hissələrdə ödəniş dövlət rüsumunun ödənilməsi haqqında məlumat etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2023-cü il tarixli **********0618 saylı kredit müqaviləsi, xx.xx.2023-cü il tarixli **********7934 hesab nömrəli sazişlə, illik 13.40% dərəcəsi olmaqla 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 8689.00 manat müəyyən edilmişdir. Sazişin 3-1.1-ci bəndinə əsasən, kredit alan və zamin bu sazişi imzalamaqla götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 6405.49 manat faiz borcuna görə 981.00 manat cərimə borcuna görə 219.78 manat cəmi 7606.27 (yeddi min altı yüz altı manat iyirmi yeddi qəpik) manat təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6405,49 manat əsas, 981 manat faiz, 219,78 manat cərimə, cəmi 7606,27 manat borcun və ödənilmiş 96,07 manat dövlət rüsumunun tutulub «Finca Azerbaijan” MMQBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMQBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, bankla onun arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcu yaranmışdır. O, iddia tələbini qismən qəbul edir. Ona görə də iddia tələbinin əsas borc hissəsinin təmin olunması faiz və cərimə hissəsinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuş, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmişdir. Cavabdeh1 maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da Cavabdeh1 banka borcu yaranmışdır. O, iddia tələbini qismən qəbul edir. Ona görə də iddia tələbinin əsas borc hissəsinin təmin olunması faiz və cərimə hissəsinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə olan Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, «Finca Azerbaijan” MMQBKT ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********7934 hesab nömrəli sazişdən görünür ki, qeyd edilən kredit məbləği illik 13.40% dərəcəsi olmaqla 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsində borc 8689.00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 6405,49 manat, faiz borcu üzrə 981 manat, 219,78 manat cərimə, cəmi 7606,27 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, İddiaçı MMQBKT tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli **********7934 hesab nömrəli sazişə əsasən qeyd edilən kredit məbləği illik 13.40% dərəcəsi olmaqla 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsində borc 8689.00 manat müəyyən edilmişdir. Bu müqavilələrin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı MMQBKT arasında zaminlik müqavilələri bağlanmış, bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi və kredit müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmamış, ona görə də tərəflər arasında mövcud olan kredit müqaviləsinə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xitam verilmədiyi, yəni həmin kredit müqaviləsinin ləğvi müqavilələrin ləğvinin ümumi formasında həyata keçirilmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMQBKT-na olan faiz borcunun hesablanması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı MMQBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMQBKT-nın xeyrinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək əsas borc üzrə 6405,49 manat və faiz borcu üzrə isə 981 manat məbləğində borcun tutulması tam qanuni və əsaslıdır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı «Finca Azerbaijan” MMQBKT cavabdehlərdən müştərək qaydada 219,78 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində 20 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 96,07 manat dövlət rusumunun 93,86 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 2,21 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6405,49 manat, faiz borcu üzrə 981 manat, 20 manat cərimə, cəmi 7406,49 manat məbləğində borc pul və 93,86 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «Finca Azerbaijan” MMQBKT-nın xeyrinə ödənilməli, ödənilmiş 96,07 manat dövlət rüsumunun 2,21 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 2227, 33 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6405,49 manat, faiz borcu üzrə 981 manat, cərimə üzrə 20 manat, cəmi 7406,49 (yeddi min dörd yüz altı manat qırx doqquz qəpik) manat məbləğində borc pul və 93,86 (doxsan üç manat səksən altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan” MMQBKT-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,21 (iki manat iyirmi bir qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar