Məhkəmə qərarları › İş №e-2(047)-214/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-214/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-214/2025 08.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 may filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına müvafiq olararaq bağlanmış 04 noyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)041119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 6 fevral 2015-ci il tarixli 03MK/01166 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 6.505,59 (altı min beş yüz beş manat 59 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 04 noyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)041119-01/ZM/4 zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildirişlərlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmiş və xx.xx.2023-ci il tarixdə isə banka 180 (yüz səksən) manat məbləğində ödəniş edildikdən sonra kredit üzrə ödənişlər tam dayandırılmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 04 noyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)041119- 01 nömrəli kredit müqaviləsi üzrə 23 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 6.079,38 (altı min yetmiş doqquz manat 38 qəpik) manat məbləğində borcu vardır. Bundan 6.047.62 (altı min qırx yeddi manat 62 qəpik) manatı əsas borc və 31,76 (otuz bir manat 76 qəpik) manatı isə müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydadav kredit müqaviləsi üzrə 6047,62 manat əsas, 31,76 manat faiz, cəmi 6079,38 manat məbləğində borcun, həmçinin ödənilmiş 80,79 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nəvazi Əzizli məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04 noyabr 2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 6505,59 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 6047,62 manat, faiz borcu üzrə 31,76 manat, cəmi 6079,38 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehlərə xx.xx.2022-ci il tarixə yaranmış 6505,01 manat əsas, 151,19 manat faiz olmaqla, cəmi 6656,20 manat borcunu 3 (üç) iş günü ərzində ödəməsi, əks təqdirdə banka olan ümumi kredit borcunun və ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında 04 noyabr 2019-cu il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 illik 01 faizlə 60 ay müddətinə 6505,59 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilərək cavabdehlərə xx.xx.2022-ci il tarixinə 6505,01 manat əsas və 151,19 manat faiz borcunun 3 (üç) iş günü ərzində ödənilməsi, əks təqdirdə banka olan əsas və ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Buna görə də Cavabdeh2 İddiaçı ASC-yə olan faiz borcunun hesablanması iddia ərizəsində qeyd edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalı olmasına baxmayaraq, lakin tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixdən sonra cavabdeh tərəfindən həm əsas, həm də ki, faiz borcundan müəyyən məbləğlərdə ödənişlər edildiyindən məhkəmə belə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş əsas borcun əvəzi qismində 6047,62 manat, həmçinin faiz borcunun əvəzi qismində isə 31,76 manat məbləğində pul tələbi qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 80,79 manat dövlət rusumu da iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6047,62 manat, faiz borcu üzrə 31,76 manat, cəmi 6079,38 manat məbləğində borc pul və 80,79 manat dövlət rüsumu tutulub iddiaçı LPO İddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6047,62 manat, faiz borcu üzrə 31,76 manat, cəmi 6079,38 (altı min yetmiş doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc pul və 80,79 (səksən manat yetmiş doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar