Məhkəmə qərarları › İş №e-2(047)-28/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-28/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-28/2025 02.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində o, öz şəxsi “Toyota” Prius **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini X6 adlı şəxslə bağladığı № S142 saylı komissiya müqaviləsi əsasında müəssisənin işçisinə saz vəziyyətdə və hər hansı zədəsi olmadan təhvil vermiş, 19 yanvar 2024-cü il tarixdə saat 00:50 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 29-cu kilometrində yol nəqliyyat hadisəsi baş vermiş, həmin hadisə nəticəsində xəsarət alanlarla yanaşı onun da avtomobilinə maddi zərər dəymiş və avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu barədə ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən avtomobilin çıxdaş edilməsinə dair arayış verilmişdir. Bildirir ki, o, həmin avtomobili idarə etməsi üçün etibarnamə əsasında xx.xx.2023-cü il taixdə Cavabdeh etibar etmiş, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh da avtomobildə olmuş və zərərçəkmiş şəxs kimi tanınmışdır. Avtomobili isə X4 idarə etmişdir. Bildirir ki, onun təqdim etdiyi etibarnamədə göstərilir ki, bu etibarnamə üzrə səlahiyyətlər üçüncü şəxslərə ötürülə bilməz. Cavabdeh isə qanunsuz olaraq avtomobilin idarəsini X3 tapşırmışdır. X2 yol hərəkəti haqqında qanunun tələblərini pozmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsini törətməsi sübuta yetirilmiş, lakin sağlamlığına dəymiş zərərə görə zərər çəkmiş şəxs qismində tanınmış şəxslərin şikayəti olmadığından xx.xx.2024-cü il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda avtomobilə dəymiş zərər hansı əsasla müəyyənləşdirildiyi aydın olmadan 15020 manat qeyd olunmuşdur. Bu rəqəm avtomobilin hazırkı bazar dəyərindən iki dəfə aşağıdır. Nəzərə almaq lazımdır ki, avtomobil 2011-ci il buraxılışıdır və hazırda bənzər avtomobilin bazarda satış dəyəri təqribən 30000 manatdir. Avtomobil hadisə zamanı tam yararsız hala düşdüyü və çıxdaş edildiyi üçün təmir edilərək bərpası mümkün deyil. Bu halda təmir xərci yox, satış dəyəri hesablanıb zərər kimi müəyyən edilməli idi. O, cavabdeh şəxslərə zərərin hesablanması üçün ekspertizanın təşkil edilməsi və əvəzinin ödənilməsi barədə müraciət etsə də bir nəticə əldə edə bilməmişdir. Avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün təxminən 30000 manat vəsait tələb olunur. O, zərərin hesablanması və avtomobilin qiymətləndirilməsinin aparılması üçün müstəqil olaraq ekspertizaya müraciət etmişdir. Aşağıdakılara və yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən hesab edir ki, 09 yanvar 2024-cü il tarixində saat 00:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 29-cu kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus Toyota Prius **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 30000 manat pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 30000 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya, onun nümayəndəsi və eyni zamanda vəkilinə və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək ekspert rəyi ilə razı olduqlarını, məhkəmə iclasını onların iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı və Cavabdeh isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BA 325301 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmiş və həmin etibarnamədə qeyd edilən səlahiyyətlərin digər şəxslərə verilə bilməməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan “«Toyota” Prius” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı adına qeydiyyata alınmış «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxdaş edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru Fuad Şirinov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməklə sürücü X4 zərər çəkmiş şəxslər X5 və X7 ilə barışdığına görə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9416 nömrəli rəyindən görünür ki, “Toyota Prius” markalı, 2011-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 17950,00 ((16700+19200):2=17950,00) manat müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, BA 325301 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmiş və həmin etibarnamədə qeyd edilən səlahiyyətlərin digər şəxslərə verilə bilməməsi göstərilmişdir. Lakin buna baxmayaraq «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilməsi üçün X3 verilmiş və bundan sonra X4 qeyd edilən avtomobili idarə edərkən 19 yanvar 2024-cü il tarixində saat 00:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 29-cu kilometrində yol nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru Fuad Şirinov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməklə sürücü X4 zərər çəkmiş şəxslər X5 və X7 ilə barışdığına görə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı adına qeydiyyata alınmış «Toyota” Prius” (Hibrid) minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxdaş edilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə müraciət edilərək 30000 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Bundan başqa, məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən “«Toyota” Prius” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin 17950 manat olması müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu ekspert rəyi ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 17950 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh 17950 manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 180 manat dövlət rusumunun 148 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 32 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh 17950 manat dəymiş ziyan və 148 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş 180 manat dövlət rüsumunun 32 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9416 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 30 manatı Cavabdeh 20 manatı isə İddiaçı alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000 **********88501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17950 (on yeddi min doqquz yüz əlli) manat məbləğində dəymiş ziyan və 148 (bir yüz qırx səkkiz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9416 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manatı Cavabdeh 20 (iyirmi) manatı isə İddiaçı alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 **********8501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar