Məhkəmə qərarları › İş №e-2(047)-297/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-297/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-297/2025 28.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1987-ci il tarixində Oğuz rayon Bayan kəndində anadan olmuş və hazırda da Oğuz şəhəri Gənclik qəsəbəsində yaşayır. O, Oğuz şəhərində telefon, telefon aksessuarlarının satışı, eyni zamanda telefon təmiri ilə məşğul olur və Oğuz şəhəri Heydər Əliyev küçəsində AS Telekom adlı mağazası var. Oğuz rayonunda yaşadığı üçün rayon sakinlərinin çoxunu tanayır. Oğuz rayon Bucaq kəndində yaşayan Cavabdeh adlı şəxs ona müraciət edərək özü və yaxın qohumları üçün telefon lazım olduğunu və alacağı telefonların isə aydan aya hissə-hissə olmaqla pulunu ödəyəcəyini demiş, aşağda qeyd edilən tarixdə Cavabdeh adlı şəxs həmin telefonları aydan aya hissə-hissə olmaqla pulunu ödəmək şərti ilə ondan götürmüş, ilk tarixlərdə almış olduğu telefonların aydan aya ödənişlərini etdiyi üçün onda Cavabdeh qarşı inam yaranmışdır. 10 fevral 2022-ci il tarixdə SAMSUNG A03 (3 ram /32GB) qiyməti-362 manat, 22 may 2022-ci il tarixdə REDMİ 9C (4 ram/128 GB) qiyməti-456 manat və 20 iyul 2022-ci il tarixdə SAMSUNG A13 (4ram/64GB), qiyməti-497 manat məbləğində qeyd edilən telefonlar Cavabdeh tərəfindən ondan alınmışıdr. Bununla bağlı aralarında hər bir telefon üçün ayrı-ayrılqda ödəniş cədvəli tərtib edilmişdir. Razılıqlarına əsasən müştəri hər ay ödəniş etdikdə mağazaya yaxınlaşaraq ödəniş cədvəlinə imza etməklə almış, olduğu telefonun aylıq ödənişlərini həyata keçirir. O, isə öz növbəsində ödəniş cədvəlinə müştəri imza etdikdən sonra ödəniş edilmiş ay üçün möhür vurur. Telefon ilə zəng edərək dəfələrlə Cavabdeh danışıqlar aparmış, hətta aralarında sosial şəbəkə olan WhatsApp vasitəsi ilə yazışmalar da olmuşdur. Yaxın zamanda almış olduğu telefonların pullarını ödəyəcəyini söz versə də cavabdeh sözünə əməl etməmişdir. Cavabdeh almış olduğu telefonların ilk aylarında ödənişlərini gecikməsiz həyata keçirmiş, ancaq sonradan heç bir ödəniş etməmişdir. 10 fevral 2022-ci il tarixdə SAMSUNG A03 (3 ram /32GB) qiyməti-362 manat telefondan 31 manat borcu qalmış və bu ödəniş tapşırığı ilə öz təsdiqini tapmışıdır. 22 may 2022-ci il tarixdə REDMİ 9C (4 ram/128 GB) qiyməti-456 manat telefondan 165 manat borcu qalmışdır və bu ödəniş tapşırığı ilə öz təsdiqini tapmışıdır. 20 iyul 2022-ci il tarixdə SAMSUNG A13 (4ram/64GB), qiyməti-497 manat telefondan 252 manat borcu qalmışdır və bu da ödəniş tapşırığı ilə öz təsdiqini tapmışıdır. Cavabdeh almış olduğu telefonlardan hazırda ona cəmi borcu 448 (dörd yüz qırx səkkiz) manatdır. Odur ki, Cavabdeh 448 manat borcun və 30 manat ödənilmiş dövlət rusumunun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakı olmadan keçirib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə 1 saylı əlavələrdən və digər sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 10 fevral 2022-ci il tarixdə SAMSUNG A03 markalı, 22 may 2022-ci il tarixdə REDMİ 9C markalı və 20 iyul 2022-ci il tarixdə isə SAMSUNG A13 markalı mobil telefonlar almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəllərindən görünür ki, cavabdehin müqavilələrə əsasən əsas borc üzrə cəmi 448 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əlavələr üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Müqavilələrə əlavələrə əsasən Cavabdeh İddiaçının təqdim etdiyi ödəniş cədvəllərinə əsasən ümumilikdə 448 manat məbləğində borcu qalmışdır. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh ümumilikdə 448 manat borc pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh ümumilikdə 448 (dörd yüz qırx səkkiz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar