Məhkəmə qərarları › İş №e-2(047)-317/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-317/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-317/2025 09.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci il tarixli “TOYOTA (HİBRİD) PRİUS” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşın mülkiyyət hüququ üzrə ona məxsusdur. Qeyd olunan avtomaşın həyat yoldaşı Nümayəndə tərəfindən taksi fəaliyyəti ilə məşğul olması üçün etibarnamə əsasında cavabdehə verilmişdir. Cavabdeh də qeyd olunan avtomaşınla taksi fəaliyyəti ilə məşğul olub gündəlik qazancından hər gün onlara ödəniş edirdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçələrinin kəsişməsində ona məxsus “TOYOTA (HİBRİD) PRİUS” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolayrıcını keçmə qaydalarını pozduğu üçün qəza etmiş, sol tərəfdən gələn avtomaşınla toqquşmuş, nəticədə həm onun avtomaşınına, həm də ki, qəza zamanı toqquşduğu avtomaşına xeyli zərər dəymişdir. Faktla əlaqədar olaraq cavabdehin barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol və qərar qəbul edilməklə 100 manat məbləğində cərimə (həmçinin 3 bal) tətbiq edilmişdir. Hadisədən sonra cavabdeh avtomaşını hadisə yerində ataraq çıxıb getmiş, düzəldilməsi üçün heç bir səy göstərməmişdir. Onunla əlaqə saxladıqda hər dəfə bir bəhanə gətirməklə ödəniş etməkdən yayınmışdır. Qeyd etmək istəyir ki, hadisədən sonra o, fərdi qaydada servis xidmətinə müraciət etmiş və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ziyan aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “TOYOTA (HİBRİD) PRİUS” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3170 (üç min bir yüz yetmiş) manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. O və həyat yoldaşı cavabdehlə bu məsələni məhkəmədən kənar həll etmək istəsələr də nəticəsi olmamışdır. Bildirmək istəyir ki, qeyd olunan hadisə cavabdehin təqsiri üzündən baş verdiyi üçün sığorta şirkətindən də ödəniş ala bilməmişdir. Bundan əlavə cavabdeh ona məxsus avtomaşınla yol hərəkəti qaydalarını pozduğuna görə müxtəlif vaxtlarda cərimə olunmuş və cərimələri ödəmədiyi üçün məcbur qalıb 390 manat cəriməni də cavabdehin əvəzindən o, ödəmişdir. Hesab edir ki, həmin məbləğlər də cavabdehdən tutularaq ona verilməlidir. Odur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3170 (üç min bir yüz yetmiş) manat məbləğində maddi zərərin, habelə cavabdehin əvəzindən ödənilmiş 403 manat məbləğində cərimənin, ümumilikdə, 3573 (üç min beş yüz yetmiş üç manat) manat məbləğində pulun və 56 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx.xx.2025-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 3170 (üç min bir yüz yetmiş) manat məbləğində maddi zərərin, cavabdehin əvəzindən DYPŞ-nə ödənilmiş 403 manat məbləğində cərimələrin, "xxxx" MMCyə ödənilmiş 150 manat pulun, ümumilikdə, 3723 (üç min yeddi yüz iyirmi üç) manat məbləğində pulun və 56 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və nümayəndəyə rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı və Cavabdeh isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin və nümayəndənin iştirakları olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BB 381925 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki «Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2032-ci il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmiş və həmin etibarnamədə qeyd edilən səlahiyyətlərin digər şəxslərə verilə bilməməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı mülkiyyətində olan “«Toyota Prius” minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı adına qeydiyyata alınmış «Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3170 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh «Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edərkən adına olan 391 manat cərimə məbləğləri İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC-nə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 150 manat qiymətləndirmə xərci və İddiaçı tərəfindən isə komissiya xərci ilə birlikdə 56,18 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə qiymətləndirmə ekspertizası təyin edərək rəy almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 11-374/25 nömrəli rəyindən görünür ki, İddiaçı adına qeydiyyata alınmış «Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 2830 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin “X1” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, BB 381925 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən “Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmiş və həmin etibarnamədə qeyd edilən səlahiyyətlərin digər şəxslərə verilə bilməməsi göstərilmişdir. Bundan sonra “Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən xx.xx.2024cü il tarixdə Bakı şəhəri M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən İddiaçı adına qeydiyyata alınmış “Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3170 manat ziyan dəymişdir. Bundan başqa iş materiallarına əsasən Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edərkən 403 manat deyil, 391 manat məbləğində cərimə edilmiş, lakin qeyd edilən cərimə məbləğləri cavabdeh tərəfindən ödənilmədiyindən “X1” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin saxlanılmasının qarşısının alınması məqsədilə ümumilikdə 391 manat məbləğində cərimə məbləği İddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehdən dəymiş ziyanın və cərimə məbləğlərinin ödənilməsi tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə müraciət edilərək ümumilikdə 3573 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Bundan başqa, məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə qiymətləndirmə ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən “Toyota Prius” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin 2830 manat olması müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu ekspert rəyi ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu və inzibati xəta törətməsi nəticəsində iddiaçıya ümumilikdə 3221 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh ümumilikdə 3221 manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 55,73 manat dövlət rusumunun 53 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 2,73 manatı isə iddiaçının hesabına aid edilməli, eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 150 manat məbləğində qiymətləndirmə xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh 2830 manat dəymiş ziyan, 391 manat inzibati xəta haqqında qərarlara əsasən ödənilmiş cərimə məbləği, 150 manat qiymətləndirmə xərci və 53 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş 55,73 manat dövlət rüsumunun 2,73 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2830 manat dəymiş ziyan, 391 manat inzibati xəta haqqında qərarlara əsasən ödənilmiş cərimə məbləği, 150 manat qiymətləndirmə xərci və 53 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 3.424 (üç min dörd yüz iyirmi dörd) manat pul tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 2,73 (iki manat yetmiş üç qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar