Məhkəmə qərarları › İş №e-2(047)-381/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-381/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-381/2024 04.07.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh bacısı vasitəsilə tanıyır. Cavabdeh “Karvan” Ticarət Mərkəzində qızıl alveri ilə məşğuldur. 2022-ci il tarixdə cavabdeh ondan hissə-hissə olmaqla borc pul almış, bu barədə ona 19500 manat borcu olması barədə yazılı qəbz verməklə borcunu hissə-hissə qaytaracağını vəd etmişdir. Cavabdeh borcundan sonuncu dəfə 2023-cü ilin noyabr ayında 200 manat olmaqla ümumilikdə 6300 manatını qaytarmışdır. Qeyd edir ki, hazırda cavabdehin ona 13200 manat borcu qalmışdır. Bir neçə dəfə cavadehə borcunu qaytarması barədə müraciət etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Başqa digər şəxslərə də cavabdehin borclu olduğu ona sonradan məlum olmuşdur. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 13200 manat pulun və ödədiyi 130 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakları olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin onların iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəməyə teleqram vuraraq məhkəmə iclasının iştirakı olmadan keçirib iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 19500 manat borc pul almış, həmin borcun müəyyən qədərini bir aydan sonra verib qalan hissəsini aya bölüb qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh etiraz ərizəsindən görünür ki, İddiaçı ona qarşı pul tələbinə dair məhkəməyə müraciət etmiş, o, iddia tələbinə aşağıdakılara görə etiraz edir. O, borc məbləği ilə razılaşmır. Belə ki, iddia ərizəsində göstərilən məbləğ iddiaçı tərəfindən şişirdilmiş, xəstəliklə əlaqədar olaraq maddi vəziyyəti ağır olduğuna görə xx.xx.2021-ci ildə iddiaçıdan 10000 manat, daha sonra isə 3000 və 2000 manat borca pul götürmüş, o, iddiaçıdan cəmi 15000 manat borca pul götürmüş və həmin pulun hamısını iddiaçıya qaytarmış, iddiaçı ona yüksək faizlə borca pul vermişdir. O, 10 ay müddətinə hər ay 1300 manat olmaqla 13000 manat pul qaytarmış, qaytardığı pulları iddiaçı faizə silmiş, o, dəfələrlə iddiaçıdan qaytarılan pula görə qəbz verməsini tələb etmiş, lakin iddiaçı sələmə pul verməyini gizlətmək məqsədi ilə ona ödənilən məbləğə görə qəbz verməkdən imtina etmişdir. O, iddiaçıya borca görə verdiyi qəbzi maddi imkansızlıq və iddiaçının təzyiqi altında yazıb verməli olmuş, iddiaçı həmin qəbzi ondan almaq üçün özü ilə bərabər 4 nəfər də gətirmiş, hədə-qorxu altında həmin şəxslərin təhriki ilə o, qəbz yazmalı olmuşdur. Onu da bildirir ki, cavabdehin ondan tələb etdiyi 13200 manat aldığı borca görə hesablanmış faizlərdir. O, iddiaçıya iddia ərizəsində göstərilən 6300 manat yox, 15000 manatı tam ödəmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 19.500 manat pul istəmiş, iddiaçı həmin pulu cavabdehə vermiş və bu barədə cavabdeh tərəfindən qəbz yazılaraq iddiaçıya təqdim olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən qeyd edilən borc məbləğindən 6300 manat ödənilmiş və cavabdehin iddiaçıya 13.200 manat borcu qalmışdır. İddiaçı hər dəfə cavabdehdən qalan pulunu istəmiş, lakin cavabdeh həmin borcunu halhazıradək ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, cavabdeh məhkəmə ünvanladığı etiraz ərizəsində iddiaçının ona 19.500 manat deyil, 15.000 manat borc pul verdiyini, lakin qəbzə isə 19.500 manat pul yazdırdığını, həmçinin onun iddiaçıya hal-hazıradək 15.000 manat pul qaytardığını və onun iddiaçıya borcu olmadığını bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 13200 (on üç min iki yüz) manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 130 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13200 manat borc pul və ödənilmiş 130 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 13200 (on üç min iki yüz) manat borc pul və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar