Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-416/2025 13.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 23% dərəcəsi ilə 7.700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında ZM-480002177 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışıdr. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1USD=1.40AZN) 11025,17 (on bir min iyirmi beş manat, 17 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 12.374,07 manat təşkil edir. Bundan 4.425,05 manat əsas, 2.891,11 manat faiz, 4.421,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 636,23 manat faiz borcu təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 4425,05 manat əsas, 2891,11 manat faiz, 4421,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 636,23 manat faiz borcu və iş üzrə ödənilmiş 127.12 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onların iştirakı olmadan işə baxılması xahişlərini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, cavabdehə İddiaçı ASC-dən 7.700 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit Cavabdeh2 tərəfindən tam ödənilmiş, kredit məbləği ödənildiyi üçün ona kompensasiya qaytarılmışdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrindən, həmçinin kassa məxaric orderindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 7700 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmış və kreditin müddəti isə xx.xx.2018-ci il tarixədək uzadılmışıdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 11025,17 manat təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 4425,05 manat, müqavilə müddəti üçün faiz borcu üzrə 2891,11 manat, 4421,68 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12374,07 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixə kimi cəmi 12374,07 manat məbləğində borcun üç gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı cavabdehlərə bildirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış etiraz və mülahizənin məzmunundan görünür ki, sözügedən ərizə ilə razı deyil. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, o, kredit müqaviləsi bağlayanda dollar 78 qəpik idi. İkinci devalvasiyaya qədər, yəni dollar 1,70 manata (bir manat, 70 qəpik) qalxana qədər vaxtı-vaxtında ödənişləri yerinə yetirmiş, hətta məzənnə 1,70 manata qalxandan sonra 1-2 ay ödəniş etmiş, daha sonra o, İddiaçı ASC-yə müraciət edərək güzəşt olunmasını xahiş etmiş, lakin ona heç bir güzəşt olunmamışdır. Bunun üçün də ödənişi dayandırmışdır. Qeyd edir ki, xx.xx.2017-ci il tarixdə 3-cü dəfə müqaviləyə dəyişiklik edilmiş, dolların məzənnəsi 1 manat 40 qəpiklə güzəşt edilməklə ödəniş müqaviləsi bağlanmışdır. Bildirir ki, 2015-ci ilin fevral ayının 21-də cənab prezident 10.000 dollara qədər olan problemli kreditlərin kompensasiya edilməsi barədə fərman imzalamışdır. Həmin fərmana əsasən kompensasiya məbləği Mərkəzi Bank tərəfindən hesablanana qədər ödənişi davamlı olaraq ödəmişdir. Mərkəzi Bankın kompensasiya ilə bağlı internet portalına yerləşdirdiyi məlumatlara əsasən ona kompensasiya hesablanmışdır. Bu kompensasiya 2864,40 manat vətəndaşa, yəni ona ödənilmişdir. Cənab prezidentin xx.xx.2015-ci il tarixində imzalanmış fərmanının 2-ci bəndində deyilir-kompensasiya məbləği ilk növbədə banklara olan borcların bağlanmasına ödənilsin. Borc bağlandıqdan sonra qalan məbləğ vətəndaşın sərəncamına verilsin. Azərpoçtun ona verdiyi kart vasitəsilə ona düşən 2864,40 manat kompensasiyanı nəğdləşdirmiş, bunların hamısı məhkəməyə təqdim etdiyi sənədlər və qəbzlərdə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Rəşad Tağızadə tərəfindən məhkəməyə ünvanlanmış ərizənin surətindən görünür ki, X2 əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 0 gün təşkil etdiyi üçün, yəni əsas kredit borcu üzrə ödəniş müddəti keçmədiyi üçün və əsas borca hesablanmış 2,864.40 manat kompensasiya məbləği borcu mövcud olsa da, cavabdeh X1 verilmişdir. Qeyd etmək istəyır ki, kompensasiya ödənişi edilən borcluların kredit təşkilatına qalıq borcu olduğu şəkildə borcların ödənişinə davam etdirilməsi qanunla hüquqi öhdəlik kimi müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 47/08-25 nömrəli rəyindən görünür ki, aparılmış təhlillərin nəticəsi olaraq müəyyən olunmuşdur ki, Cavabdeh2 “Dəmir Bank" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş çərçivəsində, müqavilə üzrə götürülmüş öhdəliklərin müəyyən hissəsi vaxtında yerinə yetirilsə də, təqdim olunan məlumatlara əsasən, müqavilə müddəti bitdiyi tarixədək və ondan sonrakı dövr üçün kreditor qarşısında müəyyən öhdəlikləri-əsas borc, hesablanmış faizlər, cərimələr və Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş illik 5% gecikmə faizləri üzrə borc qalığı mövcuddur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 LPO "xxxx" ASC qarşısında xx.xx.2022-ci il tarixinə - kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün - hesablanmış faiz borcu 2 488,61 (iki min dörd yüz səksən səkkiz manat 61 qəpik) təşkil etmişdir. xx.xx.2025-ci il tarixinə isə cavabdehin ümumi kreditor borcu 12 374,07 (on iki min üç yüz yetmiş dörd manat 07 qəpik) məbləğində olub, bunun tərkib hissələri aşağıdakılardır. Əsas borc 4 425,05 manat, hesablanmış faiz 2 891,11 manat, cərimələr 4 421,68 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum Qərarına əsasən hesablanmış əlavə faiz 636,23 manat müəyyən olunmuşdur. Cavabdehin ümumi kredit borcu tam şəkildə silinməyib və bankın təqdim etdiyi maliyyə hesabatlarında göstərildiyi kimi borc qalığı aktual olaraq mövcuddur. Nəticə olaraq qeyd olunur ki, Cavabdeh2 "xxxx" ASC qarşısında kredit müqaviləsi və əlavə saziş üzrə hüquqi və maliyyə öhdəlikləri müəyyən edilmişdir və bu borc hal-hazırda qüvvədədir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 7700 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zamin durmuşlar. Bundan sonra tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmış və kreditin müddəti isə xx.xx.2018-ci il tarixədək uzadılmışıdır. Daha sonra tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 11025,17 manat təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmçinin qeyd edilən sonradan bağlanmış müqavilələrə əsasən də yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 və Cavabdeh3 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını da öz üzərlərinə götürmüşlər. Bundan sonra kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh2 ləğv prosesində olan banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə əsas borc üzrə 4425,05 manat, müqavilə müddəti üçün faiz borcu üzrə 2891,11 manat, 4421,68 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat faiz məbləği olmaqla, cəmi 12374,07 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Bundan başqa Cavabdeh2 məhkəməyə etiraz və mülahizə ünvanlayaraq iddiaçıya borcunun olmadığını bildirmişdir. Lakin işdə olan Abak-az Crowe LTD” MMC-nin xx.xx.2025-ci il tarixli, 47/08-25 nömrəli rəyindən görünür ki, aparılmış təhlillərin nəticəsi olaraq müəyyən olunmuşdur ki, Cavabdeh2 “Dəmir Bank" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş çərçivəsində müqavilə üzrə götürülmüş öhdəliklərin müəyyən hissəsi vaxtında yerinə yetirilsə də, təqdim olunan məlumatlara əsasən, müqavilə müddəti bitdiyi tarixədək və ondan sonrakı dövr üçün kreditor qarşısında müəyyən öhdəlikləri -əsas borc, hesablanmış faizlər, cərimələr və Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş illik 5% gecikmə faizləri üzrə borc qalığı mövcuddur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 LPO "xxxx" ASC qarşısında xx.xx.2022-ci il tarixinə, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcu 2 488,61 (iki min dörd yüz səksən səkkiz manat 61 qəpik) təşkil etmişdir. xx.xx.2025-ci il tarixinə isə cavabdehin ümumi kreditor borcu 12 374,07 (on iki min üç yüz yetmiş dörd manat 07 qəpik) məbləğində olub, bunun tərkib hissəsi isə əsas borc 4 425,05 manat, hesablanmış faiz 2891,11 manat, cərimələr 4421,68 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum Qərarına əsasən hesablanmış əlavə faiz 636,23 manat müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən də müəyyən edilmişdir ki, cavabdehin ümumi kredit borcu tam şəkildə silinməmiş və bankın təqdim etdiyi maliyyə hesabatlarında göstərildiyi kimi borc qalığı aktual olaraq mövcuddur. Nəticə olaraq qeyd olunur ki, Cavabdeh2 "xxxx" ASC qarşısında kredit müqaviləsi və əlavə saziş üzrə hüquqi və maliyyə öhdəlikləri müəyyən edilmişdir və bu borc hal-hazırda qüvvədədir. Göstərilənlərə əsasən də məhkəmə qiymətləndirmə rəyinin Cavabdeh2 "xxxx" ASC qarşısında kredit müqaviləsi və əlavə sazişlər üzrə hüquqi və maliyyə öhdəliklərinin müəyyən edilməsi hissəsi, həmçinin Cavabdeh2 xx.xx.2022-ci il tarixinə, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcu üzrə 2488,61 manat, eyni zamanda xx.xx.2025-ci il tarixinə isə əsas borc üzrə 4 425,05 manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış əlavə faiz olan 636,23 manat borcu ilə razılaşır və iddianı qiymətləndirmə rəyinin həmin hissələrinə uyğun olaraq təmin edilməli olduğunu qanuni və əsaslı hesab edir, lakin cərimə borcu ilə isə razılaşmır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı «Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 4421,68 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə isə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 400 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə, iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbini zaminlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təftiş edən məhkəmə, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri, həmçinin həmin müqavilələr üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazişlər və eyni zamanda 02 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlər ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən, kreditor zaminlərə qarşı xx.xx.2023cü il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 zaminliyinə bütövlükdə xitam verilməklə onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan başqa, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 127,12 manat dövlət rusumunun 100 manatı onun xeyrinə Cavabdeh2 tutulmalı, digər qismi, yəni 27,12 manatı iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh2 əsas borc üzrə 4425,05 manat, müqavilə müddəti üçün faiz borcu üzrə 2488,61 manat, 400 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 636,23 manat məbləğində faiz borcu, cəmi 7949,89 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 100 manatı alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə verilməli, ödənilmiş dövlət rüsumunun 27,12 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 4425,05 manat, faiz borcu üzrə 2488,61 manat, cərimə borcu üzrə 400 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 636,23 manat məbləğinə faiz borcu, cəmi 7949,89 (yeddi min doqquz yüz qırx doqquz manat səksən doqquz qəpik) manat məbləğində borc pul və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 27,12 (iyirmi yeddi manat on iki qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-416/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-416/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver