Məhkəmə qərarları › İş №e-2(047)-42/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-42/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-42/2024 23.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 29 faizlə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin borclu Cavabdeh2 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdeh2 banka xx.xx.2023-cü il tarixə 4422,88 manat əsas, 5055,16 manat faiz, 3197,59 manat cərimə və 646,60 manat əldən çıxmış fayda (müqavilə müddəti bitəndən sonra beş faizlə hesablanmış faiz borcu) olmaqla cəmi 13322,23 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə 4422,88 manat əsas, 5055,16 manat faiz, 3197,59 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 646,60 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13322,23 manat məbləğində borcun, həmçinin ödənilmiş 129,97 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Hikmət Həsənli məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onların iştirakı olmadan işə baxılması xahişlərini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 29% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 5055,16 manat, 3197,59 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 646,60 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13322,23 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, cavabdehlərə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10174 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatlarına, xx.xx.2017-ci il tarixli (kredit) KM032T08170032 nömrəli 5 saylı əlavənin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) cəmi 7633,03 manat, əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 3210,15 manat, xx.xx.2023-cü il tarixə (iddia tarixinə) cəmi 8275,58 manat, əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 3210,15 manat, faiz (illik 5 faiz hesablamaqla) 642,55 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bundan əlavə, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 illik 29 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqavilələrə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 5055,16 manat, 3197,59 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 646,60 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13322,23 manat məbləğində borcu qalmışdır. Lakin işdə olan məhkəmə ekspertizası mərkəzinin 09 fevral 2024-cü il tarixli 9/10174 nömrəli ekspertiza rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına, xx.xx.2017-ci il tarixli (kredit) KM032T08170032 nömrəli 5 saylı əlavənin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilmiş, o cümlədən xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) cəmi 7633,03 manat, əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 3210,15 manat, xx.xx.2023-cü il tarixə (iddia tarixinə) cəmi 8275,58 manat, əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 3210,15 manat, faiz (illik 5 faiz hesablamaqla) 642,55 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə ekspert rəyinin Cavabdeh2 xx.xx.2023-cü il tarixə hesablanmış əsas, faiz borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda borcu ilə razılaşır, lakin cərimə borcunun hesablanmaması ilə isə razılaşmır. Belə ki tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimənin hansı hallarda ödənilməli olması qaydası nəzərdə tutulmuşdur. Bundan başqa, iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinin cərimə borcuna aid hissədə təftiş edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəməyə təqdim edilən ekspert rəyində cavabdehlərə cərimə borcunun hesablanması nəzərdə tutulmasa da, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsində “kredit alan” tərəfindən ödənilməli borcun gecikdirildiyi halda cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə iddiaçının iddia tələbi üzrə cərimə borcunun tutulmalı olduğunu qeyd edir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı «Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlərdən 3197,59 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə isə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində 500 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbini zamin Cavabdeh1 aid hissədə təftiş edən məhkəmə, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2020-ci il tarixində bitdiyindən, kreditor zaminə qarşı xx.xx.2021-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə bütövlükdə xitam verilməklə ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 129,97 manat dövlət rusumunun 108 manatı onun xeyrinə Cavabdeh2 tutulmalı, digər qismi, yəni 21,97 manatı iddiaçının hesabına aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərcinin 40 manatı Cavabdeh2 10 manatı isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 3210,15 manat, 500 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 642,55 manat məbləğində əldən çıxmış fayda, cəmi 8775,58 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 108 manatı alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə verilməli, ödənilmiş dövlət rüsumunun 21,97 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli 9/10174 saylı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 40 manatı Cavabdeh2 10 manatı isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE**********00020 88501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 4422,88 manat, faiz borcu üzrə 3210,15 manat, cərimə borcu üzrə 500 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 642,55 manat məbləğində əldən çıxmış fayda, cəmi 8775,58 (səkkiz min yeddi yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat məbləğində borc pul və 108 (bir yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 21,97 (iyirmi bir manat doxsan yeddi qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli 9/10174 saylı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 40 (qırx) manatı Cavabdeh2 10 (on) manatı isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE**********00020 88501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar