Məhkəmə qərarları › İş №e-2(047)-528/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-528/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-528/2025 13.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Cağazur kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 009A********** saylı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, həmçinin tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% оlmaqla 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli, 009A**********S saylı sazişlə müqavilə və ödəniş planına dəyişiklik edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı digər bir kart kredit müqaviləsi əsasında Cavabdeh “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. xx.xx.2025-ci il tarixədək Cavabdeh İddiaçı QSC-nə xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 1694,73 manat əsas, 252,93 manat faiz və 65,25 manat cərimə olmaqla, cəmi 2012,91 manat, həmçinin eyni tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 500 manat əsas və 285,40 manat faiz məbləği olmaqla, cəmi 785,40 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 2798,31 manat məbləğində borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 2798,31 manat məbləğində borcun və 47,99 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 009A********** saylı ərizədən və xx.xx.2023-cü il tarixli, 009A**********S saylı sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə aylıq 1,8333 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmiş, lakin xx.xx.2023-cü il tarixli, 009A**********S saylı sazişlə müqavilə və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı digər bir kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixli, 009A********** saylı razılaşma üzrə 1694,73 manat əsas, 252,93 manat faiz və 65,25 manat cərimə məbləği olmaqla, cəmi 2012,91 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 500 manat əsas və 285,40 manat faiz məbləği olmaqla, cəmi 785,40 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə yaranmış 1113,80 manat əsas, 201,20 manat faiz və 54,01 manat cərimə olmaqla cəmi 1369,01 manat gecikdirilmiş borcunu və eyni tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə yaranmış 500 manat əsas və 217,20 manat faiz məbləği olmaqla cəmi 717,20 manat borcunu ödəməsi üçün xəbərdarlıq edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan ümumi kredit borcunun, ona hesablanacaq faizlərin və cərimə məbləğinin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. . MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 009A********** saylı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, həmçinin tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% оlmaqla 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli, 009A**********S saylı sazişlə müqavilə və ödəniş planına dəyişiklik edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı digər bir kart kredit müqaviləsi əsasında Cavabdeh “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də İddiaçı QSC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 1113,80 manat əsas, 201,20 manat faiz və 54,01 manat cərimə olmaqla cəmi 1369,01 manat gecikdirilmiş borcunu və eyni tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə yaranmış 500 manat əsas və 217,20 manat faiz məbləği olmaqla cəmi 717,20 manat borcunu ödəməsi üçün xəbərdarlıq edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan ümumi kredit borcunun, ona hesablanacaq faizlərin və cərimə məbləğinin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan sonra da cavabdeh tərəfindən xəbərdarlıqlarda göstərilən borc məbləği ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə belə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə xəbərdarlıqda göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə ümumi formada xitam verilmədiyindən cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək 252,93 manat faiz borcu tutulmaldır. Həmçinin xx.xx.2025-ci il tarixli digər bir xəbərdarlıqda isə eyni tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehdən borc məbləği tam şəkildə tələb edildiyi üçün həmin müqavilə üzrə cavabdehdən faiz borcu iddia ərizəsində qeyd edildiyi məbləğdə deyil, kredit müqaviləsinə ümumi formada xitam verildiyi tarixdən, yəni xəbərdarlıqda göstərilən məbləğdə tutulmalıdır. Qeyd olunanlara əsasəndə məhkəmə belə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı olan xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 1694,73 manat əsas, həmçinin 252,93 manat faiz məbləği qanuni və əsaslı, eyni tarixli 009KK**********01 saylı digər bir kart kredit müqaviləsi üzrə isə əsas borcun əvəzi qismində 500 manat əsas, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində isə 217,20 manat məbləğində pul tələbi əsaslı olsa da, qeyd edilən müqavilə üzrə iddia faiz borcuna dair digər hissədə isə əsassızdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı QSC xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə Cavabdeh 65,25 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində isə 15 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 47,99 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 1694,73 manat əsas, 252,93 manat faiz və 15 manat cərimə olmaqla, cəmi 1962,66 manat, həmçinin eyni tarixli 009KK**********01 saylı digər bir kart kredit müqaviləsi üzrə isə əsas borcun əvəzi qismində 500 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində isə 217,20 manat olmaqla, cəmi 717,20 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 2679,86 manat borc pul, həmçinin ödənilmiş 47,99 manat dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 1694,73 manat əsas, 252,93 manat faiz və 15 manat cərimə olmaqla, cəmi 1962,66 manat, həmçinin eyni tarixli 009KK**********01 saylı digər bir kart kredit müqaviləsi üzrə isə əsas borcun əvəzi qismində 500 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində isə 217,20 manat olmaqla, cəmi 717,20 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 2679,86 (iki min altı yüz yetmiş doqquz manat səksən altı qəpik) manat borc pul və 47,99 (qırx yeddi manat doxsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar