Məhkəmə qərarları › İş №e-2(047)-586/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-586/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-586/2024 02.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı borc tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbkar İddiaçı ASC-nin onunla Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesində haqsız çıxdıqdan sonra xx.xx.2019-cu il tarixli, 092SBFFM saylı müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə ona 5 il müddətinə 2087 manat məbləğində kredit verilmədiyini, məhkəmədə tələb etdiyi məbləğin içərisində yuxarıda qeyd etdiyi məbləği bankın öz daxili qeyri-qanuni qaydalarına əsasən sadəcə sənədləşdirdiyini, ondan əsassız olaraq artıq faiz tələb edildiyini nəzərə alaraq tələbkarın iddia ərizəsinin rədd edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı borc tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbkar İddiaçı ASC-nin onunla Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesində haqsız çıxdıqdan sonra xx.xx.2019-cu il tarixli, 092SBFFM saylı müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə ona 5 il müddətinə 2087 manat məbləğində kredit verilmədiyini, məhkəmədə tələb etdiyi məbləğin içərisində yuxarıda qeyd etdiyi məbləği bankın öz daxili qeyri-qanuni qaydalarına əsasən sadəcə sənədləşdirdiyini, ondan əsassız olaraq artıq faiz tələb edildiyini nəzərə alaraq tələbkarın iddia ərizəsinin rədd edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, AtaBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 092SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 1801SBFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2087 (iki min səksən yeddi) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 30 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi də bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, **********257 saylı bildiriş göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 07 yanvar 2024cü il tarixinə kredit üzrə cəmi borcu 2153.34 manat təşkil edir. Bundan 2066.50 manat əsas, 86.78 manat faiz və 0.06 manat cərimə borcudur. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 2066,50 manat əsas, 86,78 manat faiz, 0,06 manat cərimə məbləği cəmi 2153,34 manat məbləğində borcun, həmçinin ödənilmiş 42 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tələbkar X1 Cəmiyyəti onunla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesində haqsız çıxdıqdan sonra 30 sentyabr 2019-cu il tarixli, 092SBFFM saylı kredit müqaviləsinə əsasən ona xx.xx.2014-cü il tarixdə 5 (beş) il müddətinə 2087 (iki min səksən yeddi) manat məbləğ kredit verməmiş, məhkəmədə tələb etdiyi məbləğin içərisindən yuxarıda qeyd etdiyi məbləği bankın öz daxili qeyri-qanuni qaydalarına əsasən müəyyənləşdirmişdir. Əgər hazırda onu məhkəməyə verən bankın «tərəfkeşi» haqlı olsaydı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icra şöbəsində onların tələbi təmin edilərdi. O, məhkəmələrdə arxasında güclü şəxslərin və maliyyənin dayandığı bir bankın vəkillərilə mübahisə aparmaqdan təngə gələrək İddiaçı ASC-nin daxili şərtləri əsasında hazırlanmış 2087 (iki min səksən yeddi) manat kredit məbləği sənədini imzalamışdır. Bankın tələbinə əsasən bir illik kredit məbləğini birdəfəlik ödəmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı ASC-dən avtomobil almaq üçün götürdüyü 6000 min kreditə əlavə olaraq 8116 manat və 894 ABŞ dolları pul ödəmişdir. İddiaçı ASC-dən götürdüyü kreditlərin və ödədiyi məbləğlərin çekləri onda var. Bir ekspertiza keçirilsə İddiaçı ASC-nin ona borclu olduğu üzə çıxar. Mərkəzi Bankın idarə heyətinin xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı ASC işində yol verdiyi ciddi nöqsanlara və vətəndaşlardan əsassız olaraq qeyri-qanuni, daxili qanun adı ilə yüksək məbləğdə tutduğu faizlərə görə fəaliyyətinə xitam verilmiş, lisenziyası həmin tarixdən etibarən ləğv edilmişdir. Sənəddə zaminlik qismində qeyd edilmiş Cavabdeh2 Süieyman oğlu hazırda insult keçirərək ağır yataq xəstəsidir. Bank ləğv olunduqdan sonra ona bir dəfə bankın keçmiş əməkdaşı adından zəng gəlib. Zəngə əsasən bankın müqavilə bağladığı filialına yaxınlaşmış, orada İddiaçı ASC-nin ləğvetmə prosesini deyil, tamamilə bank filialının bağlandığını bilmişdir. Bu vaxtadək ona tamamı ilə ləğv edilmiş İddiaçı ASC-dən heç bir rəsmi dəvət gəlməmişdir. Odur ki, tələbkar İddiaçı ASC-nin onunla Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesində haqsız çıxdıqdan sonra xx.xx.2019-cu il tarixli, 092SBFFM saylı müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə ona 5 il müddətinə 2087 manat məbləğində kredit verilmədiyini, məhkəmədə tələb etdiyi məbləğin içərisində yuxarıda qeyd etdiyi məbləği bankın öz daxili qeyri-qanuni qaydalarına əsasən sadəcə sənədləşdirdiyini, ondan əsassız olaraq artıq faiz tələb edildiyini nəzərə alaraq tələbkarın iddia ərizəsinin rədd rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını tərəflərin iştirakları olmadan keçirib ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı ilkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə ilkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 2087 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2066,50 manat, faiz borcu üzrə 86,78 manat, cərimə 0,06 borcu cəmi 2153,34 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə xx.xx.2024-cü il tarixinə 1668,71 manat vaxtı keçmiş əsas, 86,69 manat vaxtı keçmiş faiz borcu və 0,06 manat cərimə borcunu 5 (beş) iş günü ərzində ödəməsi, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verilməsi, banka olan ümumi kredit borcunun və ona hesablanacaq faizlərin və cərimənin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 illik 01 faizlə 60 ay müddətinə 2087 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh1 kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək onlara xx.xx.2024-cü il tarixinə 1668,71 manat vaxtı keçmiş əsas, 86,69 manat vaxtı keçmiş faiz borcunu və 0,06 manat cərimə borcunu 5 (beş) iş günü ərzində ödəməsi, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verilməsi, banka olan ümumi kredit borcunun və ona hesablanacaq faizlərin və cərimənin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan sonra da Cavabdeh1 və Cavabdeh2 tərəfindən bildirişdə göstərilən gecikdirilmiş əsas, faiz və cərimə borcu ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də tərəflər arasında mövcud olan kredit müqaviləsinə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xitam verilmədiyi, yəni həmin kredit müqaviləsinin ləğvi müqavilələrin ləğvinin ümumi formasında həyata keçirilmədiyi üçün Cavabdeh1 və Cavabdeh2 LPO İddiaçı ASC-yə olan faiz borcunun hesablanması cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubunda göstərilən tarixədək deyil, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 LPO İddiaçı ASC-nin xeyrinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək əsas borc üzrə 2066,50 manat, faiz borcu üzrə 86,78 manat, 0,06 manat cərimə, cəmi 2153,34 manat məbləğində borcun tutulması tam qanuni və əsaslıdır. Bundan başqa, ilkin iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia tələbi təmin edilməli olduğundan, həmçinin ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qarşılıqlı iddia tələbinin əsasını təşkil edən hallarla bağlı onun tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyindən, məhkəmə eyni zamanda belə hesab edir ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Həmçinin, ilkin iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən ilkin iddianın qaldırılması üçün iddiaçının ödədiyi 42 manat dövlət rusumu da Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halda hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, yəni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2066,50 manat, faiz borcu üzrə 86,78 manat, 0,06 manat cərimə, cəmi 2153,34 manat məbləğində borc pul və 42 manat ödənilmiş dövlət rüsumu tutulub ilkin iddia üzrə iddaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və qarşılıqlı iddia tələbi isə bütünlüklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2066,50 manat, faiz borcu üzrə 86,78 manat, 0,06 manat cərimə, cəmi 2153,34 (iki min bir yüz əlli üç manat otuz dörd qəpik) manat məbləğində borc pul və 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbkar İddiaçı ASC-nin onunla Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesində haqsız çıxdıqdan sonra xx.xx.2019-cu il tarixli, 092SBFFM müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə ona 5 il müddətinə 2087 manat məbləğində kredit verilmədiyini, məhkəmədə tələb etdiyi məbləğin içərisində yuxarıda qeyd etdiyi məbləği bankın öz daxili qeyri-qanuni qaydalarına əsasən sadəcə sənədləşdirdiyini, ondan əsassız olaraq artıq faiz tələb edildiyini nəzərə alaraq tələbkarın iddia ərizəsinin rədd edilməsi barədə qarşılıqlı iddia tələbi isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar