Məhkəmə qərarları › İş №e-2(047)-61/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-61/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-61/2025 06.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X12 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “İveco Trakker AD410T42H” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “İveco Trakker AD410T42H” markalı, 99 -LN-431 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı-Quba-Dağıstan yolunun 43-cü kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2, X9, X5, X4 və X1 ölümünə, həmçinin “Mercedes Benz 180” markalı,** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən X2, X9, X5, X4 və X1 ölümünə görə ümumilikdə 25000,00 (iyirmi beş min) manat, həmçinin “Mercedes Benz 180” markalı,** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5 000,00 (beş min) manat olmaqla, cəmi 30000,00 (otuz min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsindən "xxxx" ASC-yə daxil olan hökmə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 263-1.4-cü və 264-cü maddələri ilə təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “İveco Trakker AD410T42H” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 30000,00 (otuz min) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Odur ki, Cavabdeh 30000 manat vəsaitin və ödənilmiş 180 manat dövlət rüsumu olmaqla, cəmi 30180 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə müxtəlif vaxtlarda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 07 və 10 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsilə məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər çatdırılsa da cavabdeh tərəfindən iddia ərizəsinə etirazı hal-hazırda da məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan, arayışdan və sığorta aktlarından görünür ki, Cavabdeh idarə etdiyi “İveco Trakker AD410T42H” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmış, xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, faydalanan şəxslər X6 və digər şəxslərə ödənilən sığorta ödənişinin məbləği isə 30000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC və "xxxx" QSC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən faydalanan şəxslərə 30000 manat sığorta məbləği ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-907/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla qəti olaraq Cavabdeh 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 may 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddiaların qismən təmin olunması, Cavabdeh zərərçəkmiş şəxsin hüquqi varisi X3 xeyrinə 8000 manat tutulması, zərərçəkmiş şəxslərin hüquqi varisləri X10, X8, X16, X7 mülki iddialarının baxılmamış saxlanılması və ekspertiza xərcləri olan 200 manat pulun Cavabdeh dövlət xeyrinə tutulması hökm edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir. 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması nəticəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdə sərxoş halda idarə etdiyi "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmış, “İveco Trakker AD410T42H” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba- Dağıstan yolunun 43-cü kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2, X9, X5, X4 və X1 ölümünə, həmçinin “Mercedes Benz 180” markalı,** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Bundan başqa, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)- 907/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış hökmündə də öz əksini tapmış və o, Azərbaycan Respublikası CM-nin 263-1.4-cü və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla qəti olaraq Cavabdeh 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil etdiyindən iddiaçı "xxxx" ASC tərəfindən X2, X9, X5, X4 və X1 ölümünə, həmçinin “Mercedes Benz 180” markalı,** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına görə ümumilikdə 30000 (otuz min) manat sığorta ödənişi təyin olunaraq faydalanan şəxslər X6 və digər şəxslərə ödənilmişdir. Beləliklə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh avtomobili sərxoş halda idarə etdiyi və onun üçün də qeyd edilən sığorta hadisəsinin baş verməsində təqsirli olduğuna görə ödənilmiş sığorta məbləği də cavabdeh tərəfindən ödənilməli olmasına baxmayaraq qeyd edilən məbləğ onun tərəfindən iddiaçı "xxxx" ASC-nə ödənilməmişdir. Ona görə də iddiaçı "xxxx" ASC Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə iddia tələbinin tam təmin edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30000 (otuz min) manat sığorta ödənişi məbləği və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu olmaqla, cəmi 30180 (otuz min bir yüz səksən) manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat sığorta ödənişi məbləği və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu olmaqla, cəmi 30180 (otuz min bir yüz səksən) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar