Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-613/2024 19.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi və məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 8 faizlə 48 ay müddətinə 8738 ABŞ dolları kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələri də bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdeh1 banka xx.xx.2023cü il tarixə 2353,26 ABŞ dolları əsas, 81,24 ABŞ dolları faiz və 228,69 ABŞ dolları manat əldən çıxmış fayda (müqavilə müddəti bitəndən sonra beş faizlə hesablanmış faiz borcu) olmaqla cəmi 2663,19 ABŞ dolları borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada kredit müqaviləsi üzrə 2353,26 ABŞ dolları əsas, 81,24 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 228,69 ABŞ dolları manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2663,19 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 65,27 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nəvazi Əzizli məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 19 dekabr 2017-ci il tarixli 191217/132853 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2663.19 (iki min altı yüz altmış üç dollar 19 sent) ABŞ dolları borcun-bundan 2353.26 (iki min üç yüz əlli üç dollar 26 sent) ABŞ dollarıəsas, 81.24 (səksən bir dollar 24 sent) ABŞ dollarıfaiz borcunun və 228.69 (iki yüz iyirmi səkkiz dollar 69 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmışfaiz borcunun və iş üzrə ödənilmiş 65.27 (altmış beş manat 27 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan «Amrahbank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nəvazi Əzizli məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onların iştirakı olmadan işə baxılması xahişlərini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 8% olmaqla 48 ay müddətinə 8738 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 2353,26 ABŞ dolları, faiz borcu üzrə 81,24 ABŞ dolları və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 228,69 ABŞ dolları manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2663,19 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, cavabdehlərə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bundan əlavə, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 illik 8 faizlə 48 ay müddətinə 8738 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqavilələrə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsinə əsasən Cavabdeh1 kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişlər. Ona görə də iddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 19 dekabr 2017-ci il tarixli 191217/132853 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2663.19 (iki min altı yüz altmış üç dollar 19 sent) ABŞ dolları borcun-bundan 2353.26 (iki min üç yüz əlli üç dollar 26 sent) ABŞ dollarıəsas, 81.24 (səksən bir dollar 24 sent) ABŞ dollarıfaiz borcunun və 228.69 (iki yüz iyirmi səkkiz dollar 69 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmışfaiz borcunun və iş üzrə ödənilmiş 65.27 (altmış beş manat 27 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan «Amrahbank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Qeyd edilənlərə əsasən hal-hazırda Cavabdeh1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2353,26 ABŞ dolları, faiz borcu üzrə 81,24 ABŞ dolları və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 228,69 ABŞ dolları manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2663,19 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan başqa, iddiaçı “Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbini zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təftiş edən məhkəmə, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2021-ci il tarixində bitdiyindən, kreditor zaminlərə qarşı xx.xx.2022-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən Ləğv prosesində olan «Amrahbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə bütövlükdə xitam verilməklə onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 65,27 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 əsas borc üzrə 2353,26 ABŞ dolları, faiz borcu üzrə 81,24 ABŞ dolları və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 228,69 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 2663,19 ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 65,27 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan «Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 2353,26 ABŞ dolları, faiz borcu üzrə 81,24 ABŞ dolları və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 228,69 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 2663,19 (iki min altı yüz altmış üç ABŞ dolları on doqquz sent) ABŞ dolları məbləğində pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borc və 65,27 (altmış beş manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-613/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-613/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver