Məhkəmə qərarları › İş №e-2(047)-633/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-633/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-633/2024 29.08.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı «Bank of Baku” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «Bank of Baku” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 23 faizlə 24 ay müddətinə 30000 manat kredit verilmişdir. Həmçinin «Bank of Baku” ASC ilə Cavabdeh1 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin borclu Cavabdeh2 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 ASC-na 14205,76 manat əsas, 2397,12 manat faiz, 2318,65 manat cərimə, cəmi 18921,53 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14205,76 manat əsas, 2397,12 manat faiz, 2318,65 manat cərimə, cəmi 18921,53 manat borcun və ödənilmiş 147 manat dövlət rüsumunun tutulub «Bank of Baku” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Fidan Veyisova məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit sazişindən görünür ki, «Bank of Baku” ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 14205,76 manat, faiz borcu üzrə 2397,12 manat, 2318,65 manat cərimə, cəmi 18921,53 manat məbləğində borcu yaranmışdır. İşdə materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 14205,76 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2197,36 manat və cərimə qismində isə 2318,65 manat məbləğində pul vəsaitinin dərhal ödənilməsi təklif edilərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə məhkəmə və icra xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü tarixli borcun könüllü ödənilməsi barədə bildiriş ünvanlanaraq Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 14205,76 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2197,36 manat və cərimə qismində isə 2318,65 manat məbləğində pul vəsaitinin dərhal ödənilməsi təklif edilərək kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə məhkəmə və icra xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Buna görə də Cavabdeh2 İddiaçı ASC-yə faiz borcunun hesablanması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı ASC-nin Cavabdeh2 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı ASCnin Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilməmiş əsas borc qismində 14205,76 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2197,36 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə isə əsassızdır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı «Bank of Baku” ASC cavabdehlərdən müştərək qaydada 2318,65 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 1000 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 147 manat dövlət rusumunun 143 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 04 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14205,76 manat əsas, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş 2197,36 manat faiz,1000 manat cərimə, cəmi 17403,12 manat məbləğində borc pul və 143 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «Bank of Baku” ASC-nın xeyrinə ödənilməli, ödənilmiş 147 manat dövlət rüsumunun 04 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14205,76 manat əsas, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş 2197,36 manat faiz, 1000 manat cərimə, cəmi 17403,12 (on yeddi min dörd yüz üç manat on iki qəpik) manat məbləğində borc pul və 143 (bir yüz qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Bank of Baku” ASC-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 04 (dörd) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar