Məhkəmə qərarları › İş №e-2(047)-645/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-645/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-645/2024 14.08.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0046736-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “qızıl alışı” məqsədilə borcluya 24 ay müddətinə, aylıq 3 faiz, illik 36 faiz olmaqla 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu təşkilata əsas məbləğ üzrə 2058,36 (iki min əlli səkkiz manat otuz altı qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1906,64 (bir min doqquz yüz altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 3965 (üç min doqquz yüz altmış beş manat) manat məbləğində pul ödəmişdir. Hal-hazırda Cavabdeh təşkilata 6191,64 (altı min bir yüz doxsan bir manat altmış dörd qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 2612,87 (iki min altı yüz on iki manat səksən yeddi qəpik) manat faiz borcu və 30,66 (otuz manat altmış altı qəpik) manat cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LBK-0046736-F saylı kredit müqaviləsinin 6.7-ci bəndində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 699,66 (altı yüz doxsan doqquz manat altmış altı qəpik) manat təşkil edir. Bundan başqa onlar cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edərək borc məbləğinin ödənilməsini tələb etsələr də o, qeyd edilən borc məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh 6191,64 manat əsas, 2612,87 manat faiz, 30,66 manat cərimə, 699,66 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 9534,83 manat məbləğində borcun, həmçinin ödənilmiş 116 manat dövlət rüsumunun tutulub Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, bankla onun arasında bağlanmış kredit müqaviləsinə əsasən o, bankdan kredit götürərərk (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Əhməd adlı əməkdaşına vermiş, həmin şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində ondan pulu aldığını etiraf etmiş və qeyd edilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, o, iddia tələbini qəbul etmir və ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 36% olmaqla 24 ay müddətinə 8250 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqaviləyə əsasən həmin tarixə əsas borc üzrə 6191,64 manat, xx.xx.2021-ci il tarixə, yəni müqavilə müddətinin bitdiyi tarixədək faiz borcu üzrə 2612,87 manat, 30,66 manat cərimə, 699,66 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 9534,83 manat məbləğində borcu yaranmışdır. İşdə materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş 9534,83 manat məbləğində pul vəsaitinin 5 (beş) iş günü müddətində ödənilməsi təklif edilmişdir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LBK-0046736-F saylı kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən bu müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanmaqla kreditora vurulmuş zərərin (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Bundan başqa, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 36 faizlə 24 ay müddətinə 8250 manat məbləğində kredit verilmişdir. Lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC tərəfindən Cavabdeh bildiriş göndərilərək cavabdehdən xx.xx.2022-ci il tarixə yaranmış 9534,83 manat borcunu tam həcmdə ödəməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan sonra da cavabdeh tərəfindən bildirişdə göstərilən əsas, faiz və cərimə borcu ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 6191,64 manat, xx.xx.2021-ci il tarixə, yəni müqavilə müddətinin bitdiyi tarixədək faiz borcu üzrə 2612,87 manat və 699,66 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin tutulması tam qanuni və əsaslıdır. Həmçinin, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh 30,66 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 10 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 116 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 6191,64 manat əsas, 2612,87 manat faiz, 10 manat cərimə və 699,66 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 9514,17 manat məbləğində borc pul və 116 manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nın xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6191,64 manat əsas, 2612,87 manat faiz, 10 manat cərimə və 699,66 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 9514,17 (doqquz min beş yüz on dörd manat on yeddi qəpik) manat borc pul və 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar