Məhkəmə qərarları › İş №e-2(047)-672/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-672/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-672/2023 20.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 25,5 faizlə 24 ay müddətinə 3500 manat kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Lakin borclu Cavabdeh3 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdeh3 banka xx.xx.2023-cü il tarixədək 586,35 manat əsas, 155,04 manat faiz, 1273,04 manat cərimə, cəmi 2014,43 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 586,35 manat əsas, 155,04 manat faiz, 1273,04 manat cərimə, cəmi 2014,43 manat məbləğində borcun, həmçinin ödənilmiş 40,15 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, bankla onun arasında bağlanmış kredit müqaviləsinə əsasən o, bankdan 3500 manat kredit götürmüşdür. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcu yaranmışdır. O, iddia tələbinin əsas və kredit müqaviləsinin bitdiyi tarixə olan 86,51 manat faiz borcu hissəsini qəbul edir. Lakin borc məbləğinin digər borclulardan da tutulması hissəsini, həmçinin cərimə borcunu isə qəbul etmir. Ona görə də iddia tələbinin qismən, yəni iddia tələbinin yalnız ondan əsas və kredit müqaviləsinin bitdiyi tarixə olan faiz borcunun tutulması hissəsində təmin edilməsi, digər cavabdehlərə və cərimə borcuna aid olan hissəsində isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh3 illik faiz dərəcəsi 25,5% olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə 586,35 manat əsas, 155,04 manat faiz, 1273,04 manat cərimə, cəmi 2014,43 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə 86,51 manat faiz borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, cavabdehlərə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 aylıq 25,5 faizlə 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 586,35 manat əsas, 155,04 manat faiz, 1273,04 manat cərimə, cəmi 2014,43 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə məhkəmə Cavabdeh3 iddiaçıya olan borcunun məbləği ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, iddiaçı «TuranBank” ASC cavabdehlər Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 2023-cü il aprel ayının 20-dək olan borc məbləğini tələb etsə də, lakin məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərini nəzərə alaraq Cavabdeh3 xx.xx.2021-ci il tarixinə, yəni kredit müqaviləsinin bitdiyi tarixə hesablanmış faiz borcu məbləği ilə razılaşır. Belə ki, məhkəmə belə hesab edir ki, iddiaçı «TuranBank” ASC tərəfindən Cavabdeh3 kredit müqaviləsinin bitdiyi tarixədək faiz borcu, həmin tarixdən sonra isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli qərarının tələblərinə əsasən hesablanmış faiz formasında zərər (real zərər və əldən çıxmış fayda) tələb olunmalı olduğu halda iddiaçı tərəfindən göstərilən şərtlərə riayət olunmadan cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün də iddia qaydasında faiz borcu istənilmişdir ki, məhkəmə də bu halı kredit müqaviləsinin bağlanması sahəsində olan qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Qeyd edilənlərə əsasən də 2021-ci il oktyabr ayının 07-dək, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək Cavabdeh3 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən 586,35 manat əsas, 86,51 manat faiz, 1273,04 manat cərimə məbləğində borcu yaranmışdır. Həmçinin, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən iddia ərizəsinə əsasən 1273,04 manat məbləğində cərimə pulu tələb edir. Lakin məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 300 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, iddiaçı «TuranBank” ASC-nın iddia tələbini Cavabdeh1 və Cavabdeh2 aid hissədə təftiş edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2021-ci il tarixində bitdiyindən, kreditor zaminlərə qarşı xx.xx.2022-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən isə İddiaçı ASC xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 zaminliyinə bütövlükdə xitam verilməklə onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 40,15 manat dövlət rusumunun 30 manatı onun xeyrinə Cavabdeh3 tutulmalı və digər qismi, yəni 10,15 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh3 əsas borc üzrə 586,35 manat, faiz borcu üzrə 86,51 manat, 300 manat cərimə, cəmi 972,86 manat məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 10,15 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 əsas borc üzrə 586,35 manat, faiz borcu üzrə 86,51 manat, cərimə üzrə 300 manat, cəmi 972,86 (doqquz yüz yetmiş iki manat səksən altı qəpik) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10,15 (on manat on beş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar