Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-84/2025 13.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC-nə xx.xx.2023-cü il tarixdə ünvanladığı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və müqavilə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 manat məbləğində kredit verilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 778,85 manat ödəniş etmiş və оnun iddiaçıya 3521,15 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirirlər ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 153 gün üçün hesablanmış faiz borcu 496,37 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 153 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 96,14 manat təşkil edir. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi əsasında ona aylıq 1,6667 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10900 manat manat məbləğində kredit də verilmişdir. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1247,37 manat ödəniş etmiş və оnun iddiaçıya 9652,63 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirirlər ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 224 gün üçün hesablanmış faiz borcu 1177,72 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 224 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 291,89 manat təşkil edir. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 96,14 manat cərimə və xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 291,89 manat cərimə borcunun, iki kredit müqaviləsi üzrə ümumilikdə 15235,90 manat borcun və ödənilmiş 135,71 manat dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, bankla onun arasında bağlanmış kredit müqavilələrinə əsasən o, bankdan xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 4300 manat və xx.xx.2023-cü il tarixli, 005A********** saylı kart müqaviləsi üzrə 10900 manat kredit götürmüş, həmin müqavillər üzrə il yarım ödənişini vaxtlı-vaxtında aparmış, ondan sonra maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka onun 4300 manat götürdüyü kreditdən 2000 manat əsas borcu 300 manat faiz borcu və 10900 manat götürdüyü kredit borcundan isə 6000 manat əsas borcu 600 manat faiz borcu qalmışdır. Ona görə də iddia tələbinin qismən, yəni əsas və faiz borcunun izahatında bildirdiklərinə uyğun qismən tutulması, cərimə borcunun isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizələrdən, bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərindən, 1 saylı əlavədən və ödəniş planından görünür ki, cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş, ərizələr ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş və həmin ərizələrə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə aylıq 2,8033 faizlə 36 ay müddətinə 4300 manat, xx.xx.2023-cü il tarixli, 005A********** saylı krediti müqaviləsi üzrə aylıq 1,1667 faizlə 48 ay müddətinə 10900 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 96,14 manat cərimə və xx.xx.2023-cü il tarixli, 005A********** saylı digər kredit müqaviləsi üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 291,89 manat cərimə, ümumilikdə 15235,90 manat məbləğində borcu yaranmışdır. İşdə materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə kredit müqavilələri üzrə hesablanmış və ödənilməmiş ümumilikdə 15235,90 manat pul vəsaitinin ödənilməsi təklif edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-nə xx.xx.2023-cü il tarixdə ünvanladığı ərizələrə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və müqavilə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 manat, xx.xx.2023-cü il tarixli, 005A********** saylı digər bir kredit müqaviləsi üzrə isə aylıq 1,6667 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 10900 manat məbləğində kreditlər verilmişdir. Lakin müqavilələrə əsasən Cavabdeh kreditlərin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də İddiaçı QSC tərəfindən cavabdehə bildirişlər göndərilərək ondan kredit müqavilələri üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində borcunu və onlara hesablanmış faiz və cərimə (ümumilikdə 15235,90 manat) borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Bundan sonra da cavabdeh tərəfindən bildirişlərdə göstərilən borc məbləğləri ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də tərəflər arasında mövcud olan kredit müqavilələrinə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xitam verildiyini, yəni həmin kredit müqavilələrinin ləğvinin, müqavilələrin ləğvinin ümumi formasında həyata keçirildiyini, lakin iddiaçı tərəfindən cavabdehə ünvanlanan bildirişlərdə göstərilən faiz borcunun məbləği ilə iddia ərizəsində qeyd edilən faiz borcunun məbləğinin eyniyyət təşkil etdiyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas borcun, 496,37 manat faiz borcunun və xx.xx.2023-cü il tarixli, 005A********** saylı krediti müqaviləsi üzrə isə 9652,63 manat əsas borcun, 1177,72 manat faiz borcunun İddiaçı QSC-nin xeyrinə tutulması tam qanuni və əsaslıdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini, tərəflərin əmlak mənafelərini nəzərə alıb və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının 005A********** saylı krеdit müqaviləsi üzrə tələb etdiyi 96,14 manat dəbbə pulu azaldılaraq 10 manat, və 005A********** saylı kart krediti müqaviləsi üzrə tələb etdiyi 291,89 manat cərimə pulu isə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 135,71 manat dövlət rusumunun 134 manatı onun xeyrinə cavbdehdən tutulmalı və digər qismi, yəni 1,71 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2023cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 10 manat cərimə, cəmi 4027,52 manat və xx.xx.2023-cü il tarixli, 005A********** saylı müqavilə üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 50 manat cərimə, cəmi 10880,35 manat, ümumilikdə 14907,87 manat məbləğində borc pul və 134 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,71 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 10 manat cərimə, cəmi 4027,52 manat və xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 50 manat cərimə, cəmi 10880,35 manat, ümumilikdə 14907,87 (on dörd min doqquz yüz yeddi manat səksən yeddi qəpik) manat borc pul və 134 (bir yüz otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,71 (bir manat yetmiş bir qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-84/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-84/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver