Məhkəmə qərarları › İş №e-2(047)-845/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-845/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-845/2023 14.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21154” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21154” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Qaradağ rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, “Toyota Avalon” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Kamaz 55111” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ümumilikdə 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21154” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı da qeyd olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/416 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Odur ki, Cavabdeh 5000 manat vəsaitin və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Tamerlan Həmidli məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan digər Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli sığorta aktlarından, icbari sığorta müqaviləsinə dair məlumatdan, qüsur aktından və Azərbaycan Respublikası DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış “VAZ 21154” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Avalon” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “Kamaz 55111” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşşmuş və nəticədə “Toyota Avalon” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Kamaz 55111” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği ümumilikdə 5000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4569 manat sığorta ödənişi X2 ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 431 manat sığorta ödənişi X1 ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 10 gün müddətində 5000 manat məbləğində pulun cəmiyyətə ödənilməsi xahiş olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış “VAZ 21154” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Toyota Avalon” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “Kamaz 55111” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşşmuşdur. Ona görə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Nəticədə “Toyota Avalon” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Kamaz 55111” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği ümumilikdə 5000 manat məbləğində müəyyən edilərək həmin şirkət tərəfindən müvafiq qaydada zərər çəkmiş şəxslərə ödənilmişdir. Beləliklə də Cavabdeh həmin şirkətə ödənilməmiş 50000 manat məbləğində borcu qalmışdır. "xxxx" ASC tərəfindən 5000 manat məbləğində dəymiş ziyan cavabdehdən tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara məcmu qaydada hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh 5000 manat sığorta ödənişi məbləği və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi məbləği və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar