Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-893/2024 05.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 653 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli, 109 saylı əmrlə isə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin OBA Ağcabədi 20 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 1399,98 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1362,07 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1362,07 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən də, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X3 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, Cavabdeh 1362,07 manat dəymiş ziyan, mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, İddiaçı MMC ona qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin o, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il il tarixli əmrlə isə işdən azad edilmişdir. Onun İddiaçı MMC-yə, İddiaçı MMC-nin Ağcabədi 20 mağazasında çalışdığı zaman xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində 1399,98 manat zərər vurduğu İddiaçı MMC tərəfindən müəyyən edilmişdir. O, İddiaçı MMC-nin Ağcabədi 20 mağazasına xx.xx.2022-ci il tarixli akt üzrə vurulmuş 1399,98 manat ziyanı qəbul etmir. Ona görə ki, o, həmin yoxlamada iştirak etsə də, aparılmış inventarizasiyanın nəticələri ilə razılaşmamış və ona görə də tərtib olunmuş akta imza etməmiş, dəymiş ziyanla bağlı ondan izahat alınmamış, həmçinin onu işdən çıxararkən ziyanla bağlı deyil, müqavilə müddətinin bitməsi səbəbi ilə işdən çıxarılmışdır. Bundan başqa bildirir ki, qeyd edilən ziyan məbləği İddiaçı MMC-nin Məhəmməd adlı əməkdaşının təqsiri üzündən həmin cəmiyyətə vurulmuşdur. Ona görədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavildən, əmrdən çıxarışdan və bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıc-kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavədən, əmrdən çıxarışdan, bildirişdən və X3 haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 653 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla X3 daşıması barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli 109 saylı əmrdən çıxarışdan və bildirişdən görünür ki, Cavabdeh əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş inventarzasiya nəticələrinə dair aktdan və imtina aktından görünür ki, “Oba-Ağcabədi 20” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq 1399,98 manat əksikgəlmə müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş, lakin cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, sənədlərə heç bir imza etməmiş və izahat verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.20223-ciü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 1399,98 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1362,07 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 1362,07 manat təşkil edir. İş materiallarına əlavə edilmiş mediator Qəndab Fərəcova tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş və buna görə İddiaçı MMC tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı “Oba-Ağcabədi 20” mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin akt cavabdehin iştirakı ilə tərtib olunsa da, çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən “Oba-Ağcabədi 20” mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə mülki işin müəyyən olunan halları əsasında onu da qeyd edir ki, iddiaçı bir tərəfdən cavabdehin maddi-məsul şəxs olaraq xx.xx.2022-ci il tarixdə aparılan inventarizasiyanın nəticəsi olaraq cəmiyyətə böyük məbləğdə, yəni 1362,07 manat məbləğində zərər vurduğunu bildirir, digər tərəfdən isə cavabdehin onun əmlakına maddi zərər vurduğunu bilə-bilə cavabdehi həmin inventarizasiya aktının tərtib edildiyi tarixdən sonra, yəni 09 mart 2022-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndi (əmək müqaviləsi müddətinin bitməsi əsası) ilə işdən azad edir. Qeyd olunan hal isə iddiaçının iddia tələbinin cavabdehdən 1362,07 manat məbləğində zərərin tutulması hissəsində əsassız olmasının əlavə sübutudur. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin olunmaması tam qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi rədd edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən də iddiaçının ödədiyi 55 manat mediasiya xərci isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında İddiaçı MMC-nin Cavabdeh qarşı 1362,07 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh qarşı 1362,07 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-893/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-893/2024
05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver