Məhkəmə qərarları › İş №e-2(047)-982/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-982/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-982/2023 21.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 467 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və cavabdehlə “X4” haqqında müqavilə imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh adminstrator vəzfəsinə keçirilmiş və yenidən onunla “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 04 saylı əmrlə isə Cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı MMC-nin – OBA Ağcabədi mağazalarında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 7865 (yeddi min səkkiz yüz altmış beş) manat 27 (iyirmi yeddi) qəpik və xx.xx.2022-ci il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən isə yekun ziyan məbləği 817 (səkkiz yüz on yeddi) manat 32 (otuz iki) qəpik təşkil etmişdir. Daha sonra çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə xx.xx.2022ci il tarixdə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş 7865,27 manat ziyan məbləğinə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7694 (yeddi min altı yüz doxsan dörd) manat 78 (yetmiş səkkiz) qəpik borc qalmışdır ki, həmin məbləğin də 817,32 manat hissəsi xx.xx.2022-ci il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən müəyyən edilmiş ziyan məbləği olmuşdur. Beləliklə Cavabdeh maliyyə arayışına əsasən hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7694,78 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bundan başqa mediasiya prosesi vasitəsilə də cavabdehlə müvafiq razılıq əldə olunmamışdır. Odur ki, Cavabdeh 7694,78 manat dəymiş ziyan, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin və həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 manat dövlət rusumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, İddiaçı MMC ona qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin o, iddia tələbini qismən qəbul edir. Belə ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 467 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, sonradan xx.xx.2022-ci il tarixli 147-2 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixli 04 saylı əmrlə isə işdən azad edilmişdır. Onun İddiaçı MMC-yə, İddiaçı MMC-nin Ağcabədi 21 mağazasında çalışdığı zaman xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində 7865,27 manat və İddiaçı MMC-nin Ağcabədi 17 mağazasında çalışdığı zaman isə xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində 817,32 manat zərər vurduğu İddiaçı MMC tərəfindən müəyyən edilmişdir. O, İddiaçı MMC-nin Ağcabədi 17 mağazasına vurduğu 817,32 manat ziyanı qəbul edir. Lakin İddiaçı MMC-nin Ağcabədi 21 mağazasına xx.xx.2022-ci il tarixli akt üzrə vurulmuş 7865,27 manat ziyanı isə qəbul etmir. Ona görə ki, o, həmin yoxlamada iştirak etməmiş, tərtib olunmuş akta imza etməmiş, dəymiş ziyanla bağlı ondan izahat alınmamış, həmçinin onu işdən çıxararkən ziyanla bağlı deyil, müqavilə müddətinin bitməsi səbəbi ilə işdən çıxarılmışdır. O, əlavə olaraq qeyd edir ki, aktın tərtib edildiyi vaxtdan bir ildən artıq müddət, yəni iddiaçının tələb etdiyi xx.xx.2022-ci il tarixli akt üzrə dəymiş ziyan məbləği ilə bağlı iddia müddəti də keçmişdir. Odur ki, iddia tələbinin qismən, yəni İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü xx.xx.2022-ci il tarixli akt üzrə 7865,27 manat dəymiş ziyanla bağlı onun təqsiri sübuta yetirilmədiyindən və eyni zamanda iddia tələbinin həmin hissəsinə iddia müddətini tətbiq edərək qeyd edilən hissədə iddia tələbinin rədd edilməsi, digər hissədə isə, yəni Oba Market” MMC-nin Ağcabədi 17 mağazasına vurduğu 817,32 manat ziyanla bağlı iddia tələbinin hissəsinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavildən, əmrdən çıxarışdan və bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıc-kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-cu il tarixli əmək müqaviləsinə əlavədən, əmrdən çıxarışdan, bildirişdən və X4 haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 467 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və onunla X4 daşıması barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən, əmrdən çıxarışdan, bildirişdən və X4 haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 147-2 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla X4 daşıması barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC üzrə xx.xx.2023-cü il tarixli 04 saylı əmrdən çıxarışdan və bildirişdən görünür ki, Cavabdeh əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inventarzasiya nəticələrinə dair aktdan və imtina aktından görünür ki, “Oba-Ağcabədi 21” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq 7865,27 manat əksikgəlmə müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş, lakin cavabdeh inventarizasiyanın aparılmasında iştirak etməmiş, sənədlərə heç bir imza etməmiş və izahat verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inventarzasiya nəticələrinə dair aktdan və iltizamnamədən görünür ki, “Oba-Ağcabədi 17” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq 817,32 manat əksikgəlmə müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş və onun tərəfindən bütün sənədlərə imza edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 7865,27 manat, xx.xx.2022-ci il tarixində 817,32 manat çatışmamazlıqlar müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 7694,78 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 7694,78 manat təşkil edir. İş materiallarına əlavə edilmiş mediator Mayıl Bayramov tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş və buna görə İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı “Oba-Ağcabədi 21” mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmamazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin aktın cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmamazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən “Oba-Ağcabədi 21” mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə mülki işin müəyyən olunan halları əsasında onu da qeyd edir ki, iddiaçı bir tərəfdən cavabdehin maddi-məsul şəxs olaraq xx.xx.2022-ci il tarixdə aparılan inventarizasiyanın nəticəsi olaraq cəmiyyətə böyük məbləğdə, yəni 7865,27 (qeyd edilən məbləğə iddiaçı tərəfindən müvafiq güzəştlərin tətbiq edilməsi nəzərə alınmamışdır) manat məbləğində zərər vurduğunu bildirir, digər tərəfdən isə cavabdehin onun əmlakına maddi zərər vurduğunu bilə-bilə cavabdehi həmin inventarizasiya aktının tərtib edildiyi tarixdən üç ay sonra, yəni 06 yanvar 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndi (əmək müqaviləsi müddətinin bitməsi əsası) ilə işdən azad edir. Qeyd olunan hal isə iddiaçının iddia tələbinin cavabdehdən 7865,27 (qeyd edilən məbləğə iddiaçı tərəfindən müvafiq güzəştlərin tətbiq edilməsi nəzərə alınmamışdır) manat məbləğində zərərin tutulması hissəsində əsassız olmasının əlavə sübutudur. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsi, yəni Cavabdeh “Oba- Ağcabədi 17” mağazasında işlədiyi vaxt onun tərəfindən vurulmuş 817,32 manat məbləğində dəymiş ziyanın tutulmasına dair hissəsi ilə əlaqədar onu da qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin həmin hissəsi etiraf edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən əsaslara görə iddia tələbinin cavabdehdən 7865,27 (qeyd edilən məbləğə iddiaçı tərəfindən müvafiq güzəştlərin tətbiq edilməsi nəzərə alınmamışdır) manat məbləğində zərərin tutulması hissəsi məhkəmə tərəfindən əsassız hesab olunduğundan, Cavabdeh iddia tələbinin həmin hissəsinə iddia müddətinin tətbiq edilərək iddianın qeyd edilən hissədə rədd edilməsinə dair vəsatətinə müvafiq qaydada münasibət bildirilməsi məhkəmə tərəfindən məqbul hesab edilmir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 37 manat dövlət rusumunun 30 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 7 manatı, eyni zamanda 60 manat ödənilmiş mediasiya xərci isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam nəticəsində belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 817,32 manat məbləğində dəymiş ziyan, ödənilmiş 37 manat dövlət rüsumunun 30 manatı tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 7 manatı və 60 manat ödənilmiş mediasiya xərci iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 817,32 (səkkiz yüz on yeddi manat otuz iki qəpik) manat dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manatı və 60 (altmış) manat ödənilmiş mediasiya xərci iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar