Məhkəmə qərarları › İş №e-2(048)-1077/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1077/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1077/2024 27.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı QSC-nin - Cavabdeh Feyuz oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC - Cavabdeh Feyuz oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Feyuz oğlundan 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas borc, 469,61 (dörd yüz altmış doqquz manat altmış bir qəpik) manat faiz borcu və 93,53 (doxsan üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3921,02 (üç min doqquz yüz iyirmi bir manat iki qəpik) manat borcun və iddia ərizəsinə görə ödənilmiş 59,21 (əlli doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1342.12 manat ödəniş etmiş və оnun iddiaçıya 3357.88 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 220 gün üçün hesablanmış faiz borcu 469,61 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 220 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 93.53 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas borc, 469,61 (dörd yüz altmış doqquz manat altmış bir qəpik) manat faiz borcu və 93,53 (doxsan üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3921,02 (üç min doqquz yüz iyirmi bir manat iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas borc, 469,61 (dörd yüz altmış doqquz manat altmış bir qəpik) manat faiz borcu və 93,53 (doxsan üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3921,02 (üç min doqquz yüz iyirmi bir manat iki qəpik) manat məbləğində vəsaiti Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh Feyuz oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005A********** saylı müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı QSC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı “İddiaçı QSC-nin məhkəmə qaydasında Cavabdeh Feyuz oğlundan 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas borc və 469,61 (dörd yüz altmış doqquz manat altmış bir qəpik) manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “93,53 (doxsan üç manat əlli üç qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, İddiaçı QSC ilə Cavabdeh Feyuz oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005A********** saylı kredit müqaviləsindən irəli gələn 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 93,53 (doxsan üç manat əlli üç qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh Feyuz oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh Feyuz oğlundan 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas borc, 469,61 (dörd yüz altmış doqquz manat altmış bir qəpik) faiz borc və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 3857,49 (üç min səkkiz yüz əlli yeddi manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 58,57 (əlli səkkiz manat əlli yeddi qəpik) manat hissəsi tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Feyuz oğlundan xx.xx.2022-ci il tarixli, 005A********** saylı kredit müqaviləsinə əsasən 3357,88 (üç min üç yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas borc, 469,61 (dörd yüz altmış doqquz manat altmış bir qəpik) faiz borc və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 3857,49 (üç min səkkiz yüz əlli yeddi manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 58,57 (əlli səkkiz manat əlli yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar