Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-175/2025 17.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş zəzərin əvəzinin ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zəzərin əvəzinin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəyən və sığortaçı tərəfindən ödənilməyən 630 (altı yüz otuz) manat pulun, qəzanın fəaliyyətinə mane olduğunu nəzərə alaraq bu müddətdə taksi xidmətləri üçün istifadə etdiyi cəmi 700 (yeddi yüz) manat pulun və ödənilən dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2024-cü il tarixində saat 8-9 radələrində Nardaran qəsəbəsində “See Breeze” yaxınlığında “Limon” adlı marketin qarşısında etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili park etmişdir. Bu zaman “Mitsubishi Rosa” markalı, ** MZ *** dövlət qeydiyyat nişanı olan avtobus yüksək sürətlə gələrək zəncirvari qəza törətmişdir. Həmin avtobus ümumilikdə 3 maşına maddi zərər vurmuşdur. Daha sonra sığortaçı tərəfindən sığorta hadisəsi nəticəsində maşınlara dəyən zərər qiymətləndirilmişdir. Onun maşınına dəyən zərər 1770 (min yeddi yüz yetmiş) manat olaraq qiymətləndirilmişdir. “İcbari sığorta haqqında” Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min) manat olaraq müəyyən edilmişdir. Buna görə də 5000 manatlıq sığorta məbləği 3 maşın arasında bölünərək ona 1140 (min yüz qırx) manat ödəniş edilmişdir. Qanunun 52-1.1-ci maddəsinə əsasən zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Lakin bu onun zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Əlavə olaraq bildirmək istəyir ki, o “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə şirniyyatların marketlərə daşınması ilə məşğul olur. Lakin qəza baş verdikdən sonra avtomobil iki gün cərimə meydançasında, daha sonra sığorta qiymətləndirməsində, sonrasında isə təmir ilə əlaqədar ustaya verildiyindən bu fəaliyyət üçün istifadə edilə bilməmişdir. O, fəaliyyətinin davam etdirilməsi məqsədilə 14 oktyabr-03 noyabr aralığında taksi xidmətindən istifadə etmişdir ki, bu xidmət üçün gündəlik olaraq 35 manat ödəmişdir. Beləliklə, qəza nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərin 630 manatlıq hissəsi və taksi xidmətlərindən istifadə nəticəsində isə 700 manat olmaqla ümumilikdə isə 1330 manat maddi zərər vurulmuşdur. Həmin şəxs ilə ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, lakin həmin şəxs zərərin ödənilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zəzərin əvəzinin ödənilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir.Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili 14 oktyabr 2024-cü il tarixdə saat təxminən 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh- Pirşağı şoşessində üzü Pirşağı qəsəbəsi istiqamətində marketin qarşısında saxlamış, bu zaman Cavabdeh idarə etdiyi “Mitsubishi Rosa” markalı, ** MZ *** dövlət qeydiyyat nişanı olan avtobusla hərəkətdə olduğu zaman qarşısında hərəkətdə olan “Xəzər” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşın anidən əyləc sistemindən istifadə etdiyindən o idarə etdiyi “Mitsubishi Rosa” markalı, ** MZ *** dövlət qeydiyyat nişanı olan avtobusu saxlaya bilməyərək ön hissəsi ilə yolun sağ kənarında dayanmış “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilə, “Xəzər” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə, həmin avtomobildə öz növbəsində “Mercedes Benz” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə avtomobillərə maddi ziyan dəymişdir. Həmçinin, “Xəzər” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 xəsarət aldığından hadisə ilə əlaqədar araşdırma aparılmış, X1 xəsarətinin dərəcəsi təyin edilmədiyindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin 26 oktyabr 2024-cü il tarixli qərarı ilə hadisə ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati tədbir görülməsi məqsədilə materialın Sabunçu RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Sabunçu RPİ-nin DYPŞ-nin 02 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilə 1770 (min yeddi yüz yetmiş) manat zərər dəydiyi müəyyən edilmiş, "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı idarə etdiyi “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1143,41 (min yüz qırx üç manat qırx bir qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, iddia tələbinin “Ford Transit” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52– 1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Həmin Qanunun 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməli, İddiaçı vurulmuş 1770 (min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyanın 1143,41 (min yüz qırx üç manat qırx bir qəpik) manat hissəsi "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilməsi nəzərə alınmaqla cavabdehdən İddiaçı xeyrinə 626,59 manat (1770- 1143,41=626,59) tutulması məqsədəmüvafiqdir. Məhkəmə, iddia tələbinin qəzanın iddiaçının fəaliyyətinə mane olduğunu nəzərə alaraq bu müddətdə taksi xidmətləri üçün istifadə etdiyi cəmi 700 (yeddi yüz) manat pulun əvəzinin tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 626,59 (altı yüz iyirmi altı manat əlli doqquz qəpik) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 626,59 (altı yüz iyirmi altı manat əlli doqquz qəpik) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-175/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-175/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver