Məhkəmə qərarları › İş №e-2(048)-204/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-204/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-204/2025 10.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlu, İddiaçı "xxxx" KB ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 484,69 (dörd yüz səksən dörd manat,69 qəpik) manat əsas borcun və 4,4 (dörd manat, 40 qəpik) manat faiz borcu olmaqla 489,09 (dörd yüz səksən doqquz manat, 09 qəpik) və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X5 arasında bağlanmış 3063sLKN/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) xx.xx.2025 il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 500 AZN təyin edilir. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1 % maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı“Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16cımaddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Kredit müqavilənin 8.3-cü bəndinə əsasən “Borcalan” kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, fazilərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Astara rayon Notariat Ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3063sLKN/20 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı illik 29% ödəmək şərtilə 500 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2020-ci il tarixli, 3063sLKN/20 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 484,69 (dörd yüz səksən dörd manat,69 qəpik) manat əsas,4,4 (dörd manat, 40 qəpik) faiz borcu olmaqla 489,09 (dörd yüz səksən doqquz manat, 09 qəpik) borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 489,09 manat vəsaiti 5 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 242546 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində vəfat etmişdir. İş materiallarında olan Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X3 və X4 miras əmlakdan bərabər hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Lənkəran RQİ VƏƏ TBŞ tərəfindən xx.xx.2019-cu tarixli AD559864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA212140H2274862 mühərrikin nömrəsi ******* və buraxılış 2016-cı ik olan VAZ 21214 MİNİK markalı 43BB222 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3063sLKN/20 saylı kredit müqaviləsinə əsasən Bank kredit alana 500 manat məbləğində kredit vermiş, borcalan istifadə etdiyi kreditə görə Banka illik 29 faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borclu X2 xx.xx.2020-ci il tarixli 3063sLKN/20 saylı kredit müqaviləsi üzrə 489,09 manat əsas borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borclu X5 xx.xx.2022-ci il tarixdə ölmüş və iş üzrə Cavabdeh ölmüş X2 vərəsəsi kimi tanınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, X5 iddiaçı "xxxx" KB ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşımışdır. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə X2 vəfat etdiyini, Cavabdeh onun vərəsəsi kimi tanındığını, qanunvericiliyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, borc məbləği Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 484,69 (dörd yüz səksən dörd manat,69 qəpik) manat əsas borc və ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumu tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 vərəsəsi Cavabdeh 484,69 (dörd yüz səksən dörd manat,69 qəpik) manat əsas borc və 4,4 (dörd manat, 40 qəpik) manat faiz borcu olmaqla 489,09 (dörd yüz səksən doqquz manat, 09 qəpik) və ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar