Məhkəmə qərarları › İş №e-2(048)-234/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-234/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-234/2025 17.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlu, İddiaçı MMM QBKT-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMM QBKT-nin xeyrinə 1829 (min səkkiz yüz iyirmi doqquz) manat əsas borc, 587,92 (beş yüz səksən yeddi manat, 92 qəpik) manat faiz borcu və 120,42 (yüz iyirmi manat,42 qəpik) manat cərimə borcu olmaqla, cəmi 2537,34 (iki min beş yüz otuz yeddi manat, 34 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0221 saylı kredit müqaviləsinə əsasən ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 32.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 (iki min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 116 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymişzərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur.Lakin, cavabdeh, X2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun əsas borc üzrə 1829.00 AZN, faiz borcuna görə 587.92 AZN,cərimə borcuna görə 120.42 AZN,cəmi 2537.34 (iki min beş yüz otuz yeddi manat otuz dörd qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT ilə X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0221 saylı kredit müqaviləsindən görünür ki, Bank borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı MM QBKT tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2024-cü il tarixli **********0221 saylı kredit müqaviləsi üzrə İddiaçı MM QBKT-yə 1829 (min səkkiz yüz iyirmi doqquz) manat əsas borc, 587,92 (beş yüz səksən yeddi manat, 92 qəpik) manat faiz borcu və 120,42 (yüz iyirmi manat,42 qəpik) manat cərimə borcu olmaqla, cəmi 2537,34 (iki min beş yüz otuz yeddi manat, 34 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcun tutulması hissəsində əsaslı olduğundan Cavabdeh xx.xx.2024-cü il tarixli **********0221 saylı kredit müqaviləsinə əsasən 1829 (min səkkiz yüz iyirmi doqquz) manat məbləğində əsas və 587,92 (beş yüz səksən yeddi manat, 92 qəpik) manat faiz borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “120,42 (yüz iyirmi manat,42 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 1829 (min səkkiz yüz iyirmi doqquz) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 120,42 (yüz iyirmi manat,42 qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 91 (doxsan bir) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli **********0221 saylı nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli **********0221 saylı nömrəli kredit müqaviləsinə əsasən 1829 (min səkkiz yüz iyirmi doqquz) manat əsas borc, 587,92 (beş yüz səksən yeddi manat, 92 qəpik) manat faiz borcu və 91 (doxsan bir) manat cərimə borcu olmaqla, cəmi 2507,92 (iki min beş yüz yeddi manat , 92 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 45,07 (qırx beş manat,07 qəpik) manat hissəsi tutularaq İddiaçı MMM QBKT-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********0221 saylı kredit müqaviləsinə əsasən 1829 (min səkkiz yüz iyirmi doqquz) manat əsas borc, 587,92 (beş yüz səksən yeddi manat, 92 qəpik) manat faiz borcu və 91 (doxsan bir) manat cərimə borcu olmaqla, cəmi 2507,92 (iki min beş yüz yeddi manat , 92 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 45,07 (qırx beş manat,07 qəpik) manat hissəsi tutularaq İddiaçı MMM QBKT-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar