Məhkəmə qərarları › İş №e-2(048)-235/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-235/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-235/2025 06.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Lerik Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehden onun xeyrinə 1800 (min sakkiz yüz) manat migdarında ona daymiş maddi zərər, 5000 (beş min) manat miqdarında mənəvi zərər, vəkilə ödənilmiş 300 manat məbləğində pulr və 91 manat məbləğində dövlət rüsumu, cami 7191 (yeddi min yüz doksan bir) manat məbləğində pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılamsını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni yaşayış massivində ailə üzvləri ilə bərabər yaşayır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən “Al Marketin” yaxınlığında onun övladı xx.xx.2014-cü il təvəllüdlü X5 və baldızının xx.xx.2016-cı il təvəllüdlü övladı X6 xx.xx.2010-cu il təvəllüdlü X11 tərəfindən çox pis şəkildə döyülmüşlər. Bundan sonra o, aidiyyatı üzrə polisə müraciət etmişə və Abşeron rayon Polis İdarəsinin baş müstəntiqi polis mayoru Cəfər Nəzərovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, oğlu xx.xx.2010-cu il təvəllüdlü X7 valideyni X3 AR İXM-in 189.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmin hadisədən nəticəsində övladı xx.xx.2014-cü il təvəllüdlü X5 qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ almacıq nahiyəsinin qançırı kimi xəsarətlər dəymişdir. Bu Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli 1824 N-li rəyi ilə də sübut olunur. X1 aldığı xəsarətlərdən dolayı xeyli müalicələr almağa, xəsətəxana şəraitində müalicə olunmağa məcbur olmuşdur. Bu hadisə nəticəsində ailəyə gözlənilmədən həm ağır mənəvi stress, həm də maddi ziyan içinə düşmüşdür. Oğlunun müalicəsi və digər xərclərlə bağlı mənə 1800 manat maddi ziyan dəymişdir. Belə ki, övladı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər xəsətəxanada müalicə almış, anası da məcburən həmin dövrdə onunla qalmışdır. Bundan başqa X9, Medipoint Klinikasında, Yasamal rayon 13 saylı Poliklinikada da müalicə almış, psixoloq yanına getmişdir. Psixoloq ödənişi, MRT müayinəsi, yol və nəqliyyat, o cümlədən oğlum xəsətəxana yeməklərini yeyə bilmədiyi üçün hər gün çəkilən qidalanma xərxləri ümumilikdə 1800 manat ziyana başa gəlmişdir. Bundan başqa cavabdehin övladının hərəkəti nəticəsində onlara ağır mənəvi stresslərlə müşahidə olunan mənəvi ziyan dəymişdir. Medipoint klinikasının arayışından görünür ki, övladımda aldığı stressdən sonra “fobiya” əlamətləri qalmışdır. Bu hadisənin nəticəsində bütün yaşayışları pozulmuş, rahatlığıları yox olmuşdur. Cavabdehlərin bu hərəkəti nəticəsində ona və ailə üzvlərimə fiziki iztirablar formasında mənəvi zərər vurulmuşdur. İddiaçının İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onlara 1800 manat məbləğində maddi ziyan dəymiş həmin ziyanın 160 manatı cavabvdeh tərəfindən ödənilmiş digər yerdə qalan məbləğ ödənilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclası zamanı izahat verərək bildir di ki, onun oğlunun 14 yaşı vardır o, heç bir yerdə işləmir və onun adına əmlak yoxdur, iddiaçının oğluna vurulmuş zərərə görə iddiaçıya 250 manat məbləğində pul vermiş 300 manat məbləğində pulun verilməsinə razı olduğunu bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçın və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Səfərəli İddiaçı oğlu həqiqəttən, xx.xx.2024-cü il tarixində "Medipoint" klinikasında ambulator şəraitdə həkim nevroloq müayinəsində olmuşdur. Dediyinə görə küçədə döyüldüyünə görə başından travma almışdır. Göndərişə əsasən Mrt müayinəsindən keçmişdir. Aparılmış beyin Mrt müayinəsində heç bir orqanik patalogiya təyin edilməmişdir. Nevroloq baxışı zamanı b.b.s normadadır psixoloji olaraq xəstədə "Fobiyya" əlamətləri aldığı stresdən qalmaqdadır. Bu səbəbdən də xəstəyə psixitrop preparat Afabazol 1 t səhər, 1 t Diazepam təyin edilməklə, psixologun müayinəsində olmağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Cəfər Nəzərov tərəfindən qəbul edilmiş 20 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 valideyni Cavabdeh Azərbaycan Respiblikası İnzibati Xətalar Məcəlləsinin 189.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Abşeron rayon polis idarsinin Qobu polis bölməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı ona hüquqi yardım göstərilməsi məqsədi ilə Vəkil 300 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş Medipoint Klinikası tərəfindən verilmiş qəbzlərdən görünür ki, qəbzdən görünür ki, Səfərəli İddiaçı oğlunun müayinəsi zamanı 45 manat pul ödənilmişdir İş materiallarına əlavə olunmuş Photo Med diaqnostik mərkəzi tərəfindən verilmiş qəbzdən görünür ki, Səfərəli İddiaçı oğlu Photo Med diaqnostik mərkəzində Cerebral beyin MRT olunmuş və diaqnostikaya 155 manat məbləğində pul ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş Focus optika tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı oğluna 150 manat dəyərində optik məhsullar almışdır. İddiaçıya övladının döyülməsi ilə əlaqədar yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf. ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir ve her bir konkret halda belə zərərin ödənilməsi ile bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 14.2-ci maddəsin əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsin əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsin əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymet verir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya'nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı ve iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, hadisə zamanı X11 14 yaşı tamam olmuşdur. X2 heç bir yerdə işləmədiyi, yetərli gəliri və başqa əmlakı olmadığından dəymiş zərər Mülki Məcəllənin 1104.2-ci maddəsinə əsasən anası Cavabdeh tutulmalıdır. Belə ki, iddia bu hissədə qismən əsaslı olduğundan iddiaçı tərəfindən cavabdehdən tələb olunan 1800 manat maddi tam olaraq cavabdehdən tutula bilməz. Belə ki, iş materiallarındanda olan qəbzlərdən subuta yetirilmişdirki, iddiaçıya 350 manat maddi ziyan dəymişdir.Həmçinin iddiaçının ifadəsindən görünür ki, Cavabdeh tərəfindən ona 160 manat pul ödənilmişdir. Beləliklə qeyd olunan həmin məbləğdən ödənilən hissə çıxılmaqla cavabdehdən dəymiş ziyana görə 190 manat pul tutulmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun neticesində zərərçəkənin keçirdiyi mənəvi iztirab ve sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə, iddiaçının uşaqının cavabdehin övladı tərəfindən döyülməsinə görə "Fobiyya" diaqnozu ilə müalicə olunduğundan və uşağın mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 1000 (min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə sübuta yetirilmədiyindən, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 190 manat, mənəvi zərərə görə 1.000 manat məbləğində pul, vəkilə ödənilmiş 300 manat və ödənilmiş 34.90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 190 manat, mənəvi zərərə görə 1.000 manat məbləğində pul, vəkilə ödənilmiş 300 manat pul və ödənilmiş 34.90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar