Məhkəmə qərarları › İş №e-2(048)-328/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-328/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-328/2025 07.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1074,87 (min yetmiş dörd manat səksən yeddi qəpik) manat əsas borc və 1,4 (bir manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1076,27 (min yetmiş altı manat iyirmi yeddi qəpik) manat borcun və ödənilmiş 30,76 (otuz manat yetmiş altı qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanın icrası ilə əlaqədar İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iləLerik rayonu, Osyodərə kənd sakini Cavabdeh2 arasında 16 noyabr 2020-ci il tarixli, 17/20-LRE-03 saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 illik 1%-lə hesablanmaqla 2256,87 manat kredit borcunu bu müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə bağlanmış Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı ilə fizki şəxs Cavabdeh1 arasında 16 noyabr 2020-ci il tarixli 01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bağlanmış 16 noyabr 2020-ci il tarixli, 17/20-LRE-03 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 1074,87 (min yetmiş dörd manat səksən yeddi qəpik) manat əsas borc və 1,4 (bir manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1076,27 (min yetmiş altı manat iyirmi yeddi qəpik) manat borcu qalmışdır. Borclu Cavabdeh2 və zamini Cavabdeh1 ilə bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı QSC BOKT-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 17/20-LRE-03 saylı Güzəştli borc müqaviləsindən görünür ki, bank borcluya 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz olmaqla 2256,87 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 xx.xx.2020-ci il tarixli 17/20-LRE-03 saylı Güzəştli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 İddiaçı QSC BOKT-a xx.xx.2025-ci il tarixə 1074,87 (min yetmiş dörd manat səksən yeddi qəpik) manat əsas borc və 1,4 (bir manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1076,27 (min yetmiş altı manat iyirmi yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış bildirişdən və onun cavabdehlərə lazımı qaydada göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehlər Banka olan borcu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh2 İddiaçı QSC BOKT ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh1 da zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1074,87 (min yetmiş dörd manat səksən yeddi qəpik) manat əsas borc və 1,4 (bir manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1076,27 (min yetmiş altı manat iyirmi yeddi qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1074,87 (min yetmiş dörd manat səksən yeddi qəpik) manat əsas borc və 1,4 (bir manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1076,27 (min yetmiş altı manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş 30,76 (otuz manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1074,87 (min yetmiş dörd manat səksən yeddi qəpik) manat əsas borc və 1,4 (bir manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1076,27 (min yetmiş altı manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş 30,76 (otuz manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar