Məhkəmə qərarları › İş №e-2(048)-453/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-453/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-453/2025 19.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 1055 (min əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 1 saylı X6 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı X6 Mərkəzinin əməkdaşları tərəfindən lerike rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayısında reyd keçirilən zamanı Lerik rayonu, Vov kənd sakini Cavabdeh qanunsuz 25 (iyirmi beş) ədəd müxtəlif cins və diametrlərdə ağacı zədələməsi faktı müəyyən edilmişdir. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 1055 (min əlli beş) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2025-ci il tarixli 3-14-27-4/2-046/2025 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında Lerik rayonu, Vov kəndində yaşadığını, evinin meşənin kənarında olduğunu, meşəyə odun yığmaq məqsədilə getdiyini, meşəyə gedən zaman odunu doğramaq üçün əlində balta ilə getdiyini, lakin ağacların onun tərəfindən zədələnmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavadehin izahatlarını dinləyib, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 1 saylı Regional Meşə X3 rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayının meşə gözətçisi X8 tərəfindən 1 saylı X6 Mərkəzinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh meşə sahəsində ağacları zədələyən zaman ona yaxınlaşmaq istədikdə qaçaraq uzaqlaşmış, onun çəkmə izlərini izləyərək onun evinə kimi getmiş, onu səsləmiş, o həyətə çıxmamış, sonra ona zəng edərək onu hədələmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzi tərəfindən tərtib olunmuş 08 yanvar 2025-ci il tarixli, 004715 nömrəli aktdan görünür ki, 1 saylı Regional Meşə X3 rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayısında meşə gözətçisinin mərkəzə yazdığı xx.xx.2024-cü il tarixli məlumatı yerində araşdırılmış, araşdırma zamanı telefon zəngi ilə Lerik rayonu, Vov kənd sakini Cavabdeh araşdırmaya dəvət edilmiş, Cavabdeh iştirakı ilə araşdırma davam edilmiş, araşdırma zamanı məlum olmuşdur ki, palıd cinsindən diametri 36 sm 2 ədəd, 28 sm 1 ədəd, 48 sm 1 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 68 sm 1 ədəd, fıstıq cinsindən 36 sm 1 ədəd, 44 sm 3 ədəd, 48 sm 1 ədəd, 52 sm 6 ədəd, 60 sm 1 ədəd, 72 sm 2 ədəd, qızılağac cinsindən diametri 52 sm 1 ədəd, 72 sm 1 ədəd, ağcaqayın cinsindən diametri 52 sm 1 ədəd, vələs cinsindən diametri 56 sm 1 ədəd olmaqla, cəmi 25 ədəd ağac zədələndirilərək boy artımı və inkişafdan dayandırılmışdır. Ağacların zədələnməsi son 10 günə təsadüf etmiş, Cavabdeh araşdırmada iştirak etsə də, akta imza etməkdən imtina etmişdir. İş materiallarında olan X9 X3 rayonu Razvandoband Meşəbəyliyinin 20b saylı meşə dolayısında xx.xx.2025-ci ildə aparılmış yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntılar barədə həcm-qiymət cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən X12 dəymiş zərərin miqdarı 1055 (min əlli beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin meşə mühafizə mühəndisi X5 tərəfindən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 1 saylı Regional Meşə X3 rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayısında xx.xx.2025-ci il tarixdə 25 (iyirmi beş) ədəd müxtəlif cins və diametrdə ağacları qanunsuz zədələməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 1 saylı Regional Meşə X3 rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayısında xx.xx.2025-ci il tarixdə 25 (iyirmi beş) ədəd müxtəlif cins və diametrdə ağacı qanunsuz olaraq zədələdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan 1 saylı X6 Mərkəzinin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli 3-14-27-4/2-046/2025 nömrəli məktubdan görünür ki, 1 saylı Regional Meşə X3 rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayısında reyd keçirilən zaman 25 ədəd müxtəlif cins və diametrdə ağacı zədələməsi faktı ilə bağlı 1055 (min əlli beş) manat məbləğində vurulmuş ziyanın ödənilməsi göstərilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən özbaşına qanunsuz olaraq 1 saylı Regional Meşə X3 rayonu Razvandoband meşəbəyliyinin 20b saylı meşə dolayısında palıd cinsindən diametri 36 sm 2 ədəd, 28 sm 1 ədəd, 48 sm 1 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 68 sm 1 ədəd, fıstıq cinsindən 36 sm 1 ədəd, 44 sm 3 ədəd, 48 sm 1 ədəd, 52 sm 6 ədəd, 60 sm 1 ədəd, 72 sm 2 ədəd, qızılağac cinsindən diametri 52 sm 1 ədəd, 72 sm 1 ədəd, ağcaqayın cinsindən diametri 52 sm 1 ədəd, vələs cinsindən diametri 56 sm 1 ədəd olmaqla, cəmi 25 ədəd ağacı zədələməsi faktı aşkar olunmuş, bununla bağlı xx.xx.2025-ci il tarixli müvafiq akt tərtib olunmuş və Cavabdeh vurduğu maddi ziyan məbləği hesablanaraq 1055 (min əlli beş) manat olduğu müəyyən edilmişdir. Akt əsasında 1 saylı X6 Mərkəzinin əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh izahatında ağacların onun tərəfindən zədələnmədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, 1 saylı X6 X1 20b saylı dolayında müxtəlif cins ağacların kəsilməsi faktına görə 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilindiyindən, Cavabdeh 1055 (min əlli beş) manat məbləğində maddi ziyanın tutulması əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 1055 (min əlli beş) manat məbləğində maddi pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin hesabına ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.14cü maddələrinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1055 (min əlli beş) manat məbləğində ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin hesabına ödənilməli, Cavabdeh 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1055 (min əlli beş) manat məbləğində ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin hesabına (Bankın adı: X2; kod:210005; müxbir hesab: AZ 41NABZ-********************001; VÖEN: **********; Büdcə səviyyəsinin kodu fond:1; Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Cavabdeh 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar